UNESCO-da Azərbaycan tərəfindən irəli sürülən qətnamə qəbul edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
UNESCO-nun mənzil-qərargahında dekabrın 11-də Silahlı münaqişə zamanı mədəni
mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin
15-ci görüşünün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların
mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 tərəf ölkənin
yekdil qərarı ilə qəbul edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, qətnamədə silahlı münaqişələr və postmünaqişə dövrlərində
mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə üzv
dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı
qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadəsinin mədəni
mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur.
Sənəddə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə
qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur və 1954-cü il
Haaqa Konvensiyasını pozan addımların atılmasının qarşısının alınmasının
əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, minaların mədəni irsə təsiri mövzusu UNESCO tarixində müzakirəyə
çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı,
eyniməzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan
tərəfindən gündəliyə daxil edilib.