UNESCO İcra Şurasının 217-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
– FOTO
“Azərbaycan UNESCO-nun prioritet və proqramlarının səmərəli şəkildə həyata
keçirilməsinə böyük önəm verir. Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə açıq,
şəffaf və inklüziv şəkildə işləməkdə qətiyyətlidir. Azərbaycan
mədəniyyətlərarası dialoq, eləcə də irqçilik və ayrı-seçkiliklə mübarizə
sahəsində təşkilatın irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyir, “Bakı
Prosesi” və “Mədəniyyət naminə sülh” kimi qlobal təşəbbüslər vasitəsilə
mədəniyyətlər və dinlər arasında dialoqu ardıcıl olaraq təşviq edir”.
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın UNESCO yanında daimi
nümayəndəsi Elman Abdullayevin təşkilatın İcra Şurasının 217-ci sessiyasında
təqdim etdiyi ölkəmizin milli bəyanatında yer alıb.
Bildirilib ki, Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama
Hərəkatının sədri kimi sülh, təhlükəsizlik və Qlobal Dayanıqlı İnkişaf
Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi
təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ də mövcud olan
irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli
tendensiyalar narahatlıq doğurur.
“Ermənistan 30 illik hərbi təcavüz zamanı Azərbaycanın işğal olunmuş
ərazilərində mədəni irsi tamamilə dağıdıb, talan edib və vandalizmə məruz
qoyub. Tarixi abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar,
sənət qalereyaları, arxeoloji abidələr və kitabxanalar kimi mədəni sərvətlər
vəhşicəsinə talan olunaraq yerlə bir edilib. İşğal zamanı Azərbaycanın təhsil
infrastrukturuna da ciddi ziyan dəyib. Azərbaycanın işğal altında olmuş
ərazilərində 2 000-dən çox təhsil müəssisəsi Ermənistan tərəfindən tamamilə
dağıdılıb. Ermənistanda da Azərbaycanın mədəni irsinin dağıdılması, talan
edilməsi və mənimsənilməsi üzrə sistemli siyasət həyata keçirilib. Ermənistanda
azərbaycanlıların tarixi izləri qəsdən məhv edilib, İrəvan, Qərbi Zəngəzur,
Vedi, Nüvədi, Göyçə və bir çox digər dədə-baba və tarixi torpaqlarından
didərgin salınmış azərbaycanlıların izləri tamamilə silinib”, – bəyanatda
vurğulanıb.
Diqqətə çatdırılıb ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik
təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də sarsıdıcı təsir
göstərib. Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması hər bir
azərbaycanlının mədəni hüquqlarına, xüsusən də hər kəsin mədəni irsdən istifadə
hüququna mənfi təsir göstərib. Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan
QHT-lərinin və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni
irsinin dağıdılmasından dərin narahatlığını ifadə edən və bu ölkədə mövcud
vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun baş direktoruna faktaraşdırıcı
missiya göndərməklə bağlı müraciət Azərbaycan xalqının haqlı tələbidir.
2020-ci il Üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan
Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmə
saxlamışdı. Bu ölkə, həmçinin, Laçın yolundan Azərbaycanın suveren ərazisində
separatizmi alovlandırmaq üçün istifadə edib. 2023-cü ilin sentyabrında
qanunsuz erməni silahlı birləşmələrinin çoxsaylı hərbi təxribatlarına və
təxribat xarakterli əməllərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri lokal
xarakterli antiterror tədbirləri həyata keçirib. Antiterror tədbirləri zamanı
humanitar hüququn normalarına tam uyğun olaraq mülki şəxslərə və mülki
infrastruktura zərər vurmamaq üçün bütün işlər görülüb.
Bəyanatda qondarma rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin
tərk-silah edilməsi, yerli erməni sakinlərin reinteqrasiyası prosesi, bunun
üçün xüsusi portalın yaradılması, dialoq üçün əlverişli mühitin yaradılması,
Azərbaycanın Ermənistanla normallaşma planı barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, BMT-nin Azərbaycanın Qarabağ bölgəsi, xüsusilə də
Xankəndi şəhəri üzrə missiyasının hesabatında mülki ictimai infrastruktura,
eləcə də mədəni və dini məkanlara heç bir ziyanın dəymədiyi, Azərbaycanın
Xankəndidə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına
hazırlaşdığı, mülki şəxslərə qarşı zorakılığa yol verilmədiyi bildirilib.
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq
münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq
üçün tarixi imkan var.