66176d74-7ee1-4aab-8b8f-4ba5452b5d0a.jpg

Universitetlərdə tədris olunan bəzi fənlər proqramdan çıxarıla bilər? – Ekspert izah edir

Baxış sayı: 127 dəfə baxılıb.

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 8-də Təhsilin İnkişafı Forumu
çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı
zamanı bildirdi ki, ali təhsil müəssisələrində proqramların yenilənməsi daima
gündəmə gəlir.

“Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər
dəyişikliyə hazırıqsa, bunu edək”.

Nazirin açıqlamasından bir daha aydın olur ki, bu gün ali məktəblərdə bəzi
fənlərin keçirilməsi məqsədəuyğun deyil.

Maraqlıdır, onlar hansı fənlərdir?

Təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında Emin Əmrullayevin
fikirlərinə belə münasibət bildirib:

“Nazirin dediyində həqiqət var. Çünki orta məktəb belədir ki, oradakı fənlər
ümumtəhsil fənləridir. Ancaq ali məktəblər ixtisaslı kadr hazırlayırlar. Buna
görə də, ona peşəsində lazım olacaq fənlərin keçilməsi daha doğrudur. Orada elə
fənlər var ki, tələbənin onunla bağlı ümumi təsəvvürü var, həmin məlumatları
başqa yerlərdən də öyrənə bilər.

Bu gün təəssüfləndirici hallardan biri də dövlət qulluğu üçün imtahan
verənlərin az bal yığmasıdır. Bunun səbəbi isə o imtahana sırf ixtisasla bağlı
sualların salınmasıdır, imtahan verənlər də ixtisasları ilə bağlı sualları
cavablamaqda çətinlik çəkirlər”.

Bəs hansı fənlər proqramdan çıxarıla bilər?

“Hansı fənlərin çıxarılması bütün universitetlərdə ayrı-ayrı təyin
olunmalıdır. Nazirin bu fikri ümumi müzakirə edilməlidir ki, müxtəlif ali
məktəblərdə hansı fənlər çıxarılmalıdır, hansılar qalmalıdır”, – deyə
müsahibimiz əlavə edib.

Nadir İsrafilov dərs yükünün çox olmasına diqqət çəkib:

“Bu gün istər orta məktəblərdə, istərsə də ali məktəblərdə tədris planı
yüklüdür. Fənlərin, dərslərin çox olması ilə bağlı narazılıqlar xeylidir. Buna
görə də, bu məsələnin qaldırılması yəqin ki bu sahədə müəyyən yeniliklərin,
təkmilləşdirilmələrin aparılmasına xidmət edəcək”.

Source link