dd405c58-e3d8-4ed9-b6c3-7ebc16219e8a..jpg

Unudulmaq üzrə olan sənəti yaşatmaq istəyən bərpaçı-rəssamla MÜSAHİBƏ – FOTO

Baxış sayı: 921 dəfə baxılıb.

Unudulmaq üzrə olan sənəti yaşatmaq istəyən bərpaçı-rəssamla MÜSAHİBƏ – FOTO

Bərpaçı-rəssam Ulduz Zeynalova: “Mən bu sənətin yaşaması və
nəsillərdən-nəsillərə keçməsi üçün bir məktəb yaratmaq istəyirəm. Hazırda da bu
işlə məşğulam. Uşaqlarda xalça bərpasına olan böyük həvəsi görüb sevinirəm. Bu
sənəti öyrənmək üçün birinci növbədə həvəs lazımdır”.

Xalqımızın həyat və məişətində xalçanın həmişə xüsusi yeri olub. Azərbaycanda
elə bir ev olmaz ki, xalçasız olsun. Xalça təkcə ev əşyası deyil, gözəllik,
estetika, mədəniyyətdir. Amma xalçalar həm də korlanır. Bu baxımdan, onların
bərpası da toxunuşu qədər vacibdir.

“Kaspi”

qəzetinin budəfəki müsahibi əntiq xalçalar üzrə yüksək dərəcəli bərpaçı-rəssam
Ulduz Zeynalovadır.

“Öyrənmək üçün birinci növbədə həvəs lazımdır”

1989-cu ildən xalça bərpası ilə məşğul olan Ulduz xanım deyir ki, Azərbaycan
xalqının həyatına, məişətinə, mədəniyyətinə, estetik duyumuna xalça qədər
dərindən nüfuz edən ikinci sənət növünü göstərmək çətindir: “Azərbaycan
xalçaları əsrlər boyu yalnız Azərbaycanda və Qafqazda deyil, dünyanın bir çox
ölkələrində şöhrət qazanıb. Hələ eramızdan əvvəl yunan tarixçisi Heradot bu
coğrafiyada insanların xalçaçılıqla məşğul olduğunu yazıb. Xalçada işlənmiş
bütün bəzək elementləri real həyatdan götürülmüş insan, heyvan, quş və məişət
təsvirləridir. Amma xalçalar da zamanla korlanır. Onların bərpası çox vacib,
həm də ən qədim peşələrdən biridir və qeyri-maddi mədəni irs kimi UNESCO-nun
siyahısına daxil edilib. Amma təəssüf ki, unudulmaq üzrədir. Mən bu sənətin
yaşaması və nəsillərdən-nəsillərə keçməsi üçün bir məktəb yaratmaq istəyirəm.
Hazırda da bu işlə məşğulam. Uşaqlarda xalça bərpasına olan böyük həvəsi görüb
sevinirəm. Bu sənəti öyrənmək üçün birinci növbədə həvəs lazımdır”.

“Bərpaçı da gərək bərpaçı olsun”

“Biz şərq ölkəsiyik. Bu gün də bizdə xalçaya maraq həmişəki kimi yüksəkdir”
deyir bərpaçı xanım: “Bilirik ki, Azərbaycanda xalça bir dəyərdir və demək olar
ki, hər bir evdə var. Qədim, nəsillərdən-nəsillərə keçən, yadigar qalan
xalçalar var ki, zamanla korlanır. Bəzən düzgün saxlanılmadığına görə güvə
zədələyir, didilir-dağılır, saçaqları tökülür. Bu cür xalçaların mütləq bərpaya
ehtiyacı olur. Amma bərpaçı da gərək bərpaçı olsun. Əgər bu sənətə gəlirsənsə,
gərək bu işin bütün özəlliklərini biləsən, peşəkarı olasan. Yoxsa gördüyün iş
xalçanın üstündə yamağa bənzəyəcək, özün də bərpaçı yox, yamaqçı olacaqsan.
Birincisi, gərək rəngləri düzgün seçəsən. İplər müxtəlifdir, naziyi var, qalını
var. Onları da düzgün seçmək vacibdir. Məsələn, əgər xalça yun sapla toxunubsa,
dağılmış hissəni sən də eynən həmin cür yun sapdan bərpa etməlisən. Əgər əldə
olan saplarda xalçada olan rəng yoxdursa, sapı həmin rəngə boyamalısan. Dəqiq
rəngi əldə etməsən, bərpa alınmayacaq”.

“Bərpa olunan hissənin köhnəldilməsi düzgün aparılmalıdır”

Ulduz xanım deyir ki, xalçada bərpa olunmuş hissənin köhnəldilməsi də düzgün
aparılmalıdır: “Zaman keçdikcə istər-istəməz xalçanın saplarının rəngi öz
şuxluğunu itirir. Bərpa olunan hissə təzə saplarla toxunduğundan fərqlənir. Ona
görə də bərpa zamanı gərək bir ton açıq rəngli sap götürəsən. Çünki toxuyandan
sonra xovu kəsəndə sapın rəngi bir ton tünd görünür. Ən vacib məqam budur.
Bundan başqa, illər keçdikcə xalça əvvəlki vəziyyətini itirir, xovları yapıxır.
Amma yenicə bərpa olunan hissədə xovlar da yeni olduğu üçün daha şişkin olur.
Bərpadan sonra həmin hissəni döyəcləmək lazımdır. Onda xov yatır və digər
hissələrdən fərqlənmir”.

“Bu işdə çox diqqətli olmaq lazımdır”

“Bəzən olur ki, xalçanın ana haşiyəsinin bir hissəsi dağılmış olur” deyir
bərpaçı: “İllərlə düzgün saxlanılmayan xalçanın sapları çürüyür, tökülür. Bu
halda xalçanın tam ölçüsünə uyğun çərçivə sifariş olunur. Xalça ona çox xırda
mismarlarla vurulur. Yun sapdan ərişlər (yuxarıdan-aşağı gedən iplər) çəkilir.
Ərişin rəngini tam almadan bərpaya başlamaq olmaz. Əgər əlimizdəki yun sapın
rəngi xalçadakından açıqdırsa, onu təbii boyalarla rəngləməli və məhz həmin
rəngi almalıyıq. Bundan ötrü çay, qəhvə, nar, qoz, soğan qabığından istifadə
edirik. İpin qalınlığı da çox önəmlidir. O da xalçanın özündəki kimi
olmalıdır”. Bərpaçı onu da bildirir ki, bölgələrimizin özünəməxsus xalça
məktəbi və hər bir bölgəyə aid ornamentləri var: “Bərpaçı-rəssam həmin
ornamentlərin adını, formasını, toxunuş qaydasını bilməlidir ki, bərpa vaxtı
səhv etməsin. Tam qalmış hissəyə baxmalı, həmin ornamenti dəqiqliklə eyni cür
bərpa etməlidir. Bu işdə çox diqqətli olmaq lazımdır”.

“Xalçaları təbii yollarla təmizləmək daha yaxşı olar”

Ulduz xanım xalçaların düzgün saxlanma qaydalarından da danışdı: “Xalçaları
qorumaq, daha uzunömürlü etmək üçün naftalindən, ağ neftdən istifadə edirlər.
Mən bunun əleyhinəyəm. Ən yaxşısı, xüsusi xalça otları və ya tütün
yarpaqlarıdır. Onlar xalçanı güvə zədələməsindən qoruyur. Bundan başqa, xalça
düzgün yuyulmalıdır. İndi çox vaxt yuyucu tozlardan istifadə edirlər. Bu,
düzgün deyil. Havada olan toz xalçanın xovunun dibinə yığılır. Onu təbii
yollarla təmizləmək daha yaxşı olar. Məsələn, qədimdə xalçaları dərindən
təmizləmək üçün ildırım çaxan vaxt həyətə sərirmişlər. İldırım düşdükcə onun
dibindəki daşlaşmış tozlar parçalanıb təmizlənirmiş. Bundan başqa, xalçaları
qarla, yağış suyu ilə də yuyublar”.

“Azərbaycanda xalça bərpasının əsasını Rəhim Pənahi qoyub” deyir
bərpaçı-xanım: “Amma Təbrizdə də bərpa sənəti çox geniş yayılıb. Fərqimiz budur
ki, biz masa üzərində bərpa edirik. Onlar yerdə bardaş qurub oturur, diz
üstündə bərpa edirlər. Bir də ki toxunuş fərqi var, onlar əksinə ilmə atırlar.
Türkiyədə də bərpa çox geniş yayılıb”.

Source link