a9143077-b0b1-43a0-a851-0ecd29273353..jpg

Unudulmayan tarix: Kəlbəcərin işğalı və bunda AXC-Müsavat cütlüyünün rolu

Baxış sayı: 773 dəfə baxılıb.

Unudulmayan tarix: Kəlbəcərin işğalı və bunda AXC-Müsavat cütlüyünün rolu

Bu gün – 2 aprel tarixi Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı günüdür.

Cixisyolu.com-ın məlumatına görə, 30 ildən sonra Kəlbəcərin işğal gününü məğlub
dövlət kimi qeyd etmirik.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal
nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin
öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ
dolları məbləğində ziyan dəyib.

Kəlbəcərin işğal edilməsi AXC-Müsavat hakimiyyətinin azərbaycan xalqına
xəyanət nəticəsində baş tutdu. Paytaxt Bakıda AXC-Müsavat cütlüyünün başı
hərc-mərcliyə, vəzifə bölgüsünə qarışdığı üçün Qarabağ və ətraf rayonlar yaddan
çıxmış, tamamilə müdafiəsiz qalmışdı.

Ölkənin və xalqın təhlükəsizliyini təmin edə bilməyən AXC-Müsavat hakimiyyəti
ölkədə xaos, anarxiya, özbaşınalıq yaratmış, orduquruculuğu məhv edilmiş və
hakimiyyətdə daha da möhkəmlənmək məqsədi ilə ayrı-ayrı şəxslər özlərinin
tabeliyində olan silahlı dəstələr saxlamaqla məşğul olurdular.

Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu
Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş
rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi,
150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey,
“İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən
xarabazara çevrilib.

Xatırladaq ki, ümumi sahəsi 3 054 kvadrat kilometr olan Kəlbəcər 1930-cu il
avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan, şimalda Daşkəsən,
Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın
rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, bir şəhəri və bir şəhər tipli
qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə
daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 kilometr qərbdə, Bərdə-İstisu
(Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım
qayalıqlar üzərində yerləşir.

Nəhayət Azərbaycanın müzəffər ordusu 2020-ci ilin payızında apardığı 44 günlük
Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri
də düşmən tapdağından xilas etdi.

2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın
baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri
Kəlbəcər rayonunu qeyd-şərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu noyabrın 25-də
işğaldan azad olundu.

Bu gün Kəlbəcərin işğal gününü qeyd etməsək də, bu tarixi yaddan
çıxarmamalıyıq.

Source link