0751e253-531c-4fa5-a50e-bdce449ad4c7..jpg

Uşaqlar bıçaqdan tutub atalarının analarını öldürməsinə icazə vermədilər

Baxış sayı: 914 dəfə baxılıb.

Uşaqlar bıçaqdan tutub atalarının analarını öldürməsinə icazə vermədilər

Gədəbəydə həyat yoldaşını bıçaqlamağa cəhd edən şəxs həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Novoivanovka kəndində baş verib.
Həmin kəndin sakini olan 1985-ci il təvəllüdlü İ.M. sərxoş halda arvadını
bıçaqlamaq istəyib. Bunu görən onun övladları özlərini bıçağın qarşısına
atıblar və kəsici aləti əlləri ilə tutaraq atalarına analarını vurmağa imkan
verməyiblər. Bu zaman digər uşaq polisə zəng edərək kömək çağırıb. Hadisə
yerinə gələn polislər kişinin evdə əlində bıçaqla dayandığını görüblər və onu
saxlamağa çalışıblar. İ.M. müqavimət göstərsə də, o tutularaq polis şöbəsinə
aparılıb.

Tutulan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xuliqanlıq
və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib
edilib.

Protokol əsasında ifadə verən 38 yaşlı şəxs törətdiyi əməli etiraf edib və
hadisə vaxtı sərxoş halda olduğunu deyib:

“Fevralın 6-da iribuynuzlu heyvanımı bazara aparıb satdım və əvəzinə
xırdabuynuzlu heyvan aldım. Bundan sonra sərxoş vəziyyətdə yaşadığım evə
getdim, lakin həyat yoldaşım mənimlə mübahisə etməyə başladı, aramızda dava baş
verdi. Mən arvadımı bıçaqla vurmaq istədim, hadisə yerinə gələn övladlarım
bıçağı əlimdən almağa çalışırdı, bu zaman onlar da xəsarət aldılar.
Övladlarımdan biri DİN-in “102” xidmətinə müraciət edib polis əməkdaşlarını
çağırıb”.

Protokola əlavə edilmiş sənəddə qeyd edilib ki, hadisə vaxtı İ.M.-in 2006 və
2007-ci il təvəllüdlü övladları əllərindən kəsilmiş xəsarət alıblar.

Polisə zəng edən yeniyetmə atasına qanunamüvafiq olaraq cəza verilməsini xahiş
edib.

Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə İ.M-ə 20 sutka inzibati həbs cəzası
verilib və o, saxlanma yerinə aparılıb.

Source link