Üç gün ərzində uşaqlar metroya səs salacaq.
Bunu ÇıxışYolu.Com-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, “3 Alma”nın təşəbbüsü və “Bakı Metropoliteni”nin dəstəyilə 1-3 iyun tarixində hamının diqqətini gələcəyimiz olan uşaqlara yönəltmək məqsədilə metronun bütün stansiyalarında uşaqların səsi eşidiləcək:
“İyunun ilk üç günü ərzində metropolitenin bütün stansiyalarında, vaqonlarda və eskalatorlarda səsləndirilən elanları balaca oğlan və qızların dilindən eşidəcəyik.
Elanların həm Azərbaycan, həm də ingilis dilində səsləndirilməsi nəzərdə tutulur. “Bakı Metropoliteni” tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, iki nəfər məktəbəqədər uşaq da iştirak edib.
İştirakçılar arasında Azərbaycan vətəndaşları və əcnəbilər var. Metropoliten sərnişinləri səsləndirmə zamanı balacaların nə qədər həyəcan keçirdiyini və əyləndiyini elanları dinləyərkən hiss edəcəklər.
Uşaqların böyük həvəs və zövqlə iştirak etdiyi bu layihənin əsas məqsədi cəmiyyətin diqqətini balacalara yönəltmək, eyni zamanda, onlarda özünəinam və məsuliyyət hissi aşılamaq, bizim üçün nə qədər dəyərli olduqlarını bir daha hiss etdirməkdir”.