ce01695e-abee-43b3-bdbd-8b3b71e16cc8..jpg

Uşaqlarda göz probleminin artmasının səbəbi nədir? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 886 dəfə baxılıb.

Uşaqlarda göz probleminin artmasının səbəbi nədir? – ARAŞDIRMA + FOTO

Son illər ətrafımızda eynəkli uşaqların nəzərəçarpacaq dərəcədə artdığını
görürük. Bununla paralel olaraq gözündə problem olsa da, eynək taxmayan uşaqlar
da var.

Bəs bu qədər uşaqda göz probleminin olmasının səbəbi nədir?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Optikaçılar və Optometristlər Assosiasiyasının sədri Rüfət Musayevyə bildirib
ki, görməni təmin edən proses 3 elementdən ibarətdir:

“Göz almacığı, gözdən beyinə gedən sinirlər və beynin görməyə cavab verən
hissəsi. Normal görmənin təmin edilməsi üçün bunların sağlam olması mütləqdir.
Funksional olaraq gözdə, patoloji olaraq gözlə beynin arasındakı sinirlərdə,
beynin özündə hansısa problem varsa, bunlar müayinə edilməli və normal
işləmələri təmin olunmalıdır”.

R.Musayev bildirdi ki, uşağın birinci göz müayinəsi doğulduqdan 5-7 həftə
sonra, ikinci isə 6-cı ayında olmalıdır:

“Çünki bu ərəfədə binokulyar görmə formalaşır və bu prosesin sağlam getməsi
gələcək üçün önəmlidir. Uşağı 7 yaşına kimi hər il göz həkiminə aparmaq və
görməsini yoxlatdırmaq mütləqdir. Uşaq böyüyərkən göz almacığı da ölçülərini
dəyişir. Lakin ola bilər ki, göz alması bir az kiçik və ya daha böyük olsun,
görmə yükünün təsiri altında tamamilə başqa cür işləsin. O zaman funksional
pozuntular yarana bilir”.

Ekspertin sözlərinə görə, uşağın görməsindən şikayəti olmadıqda, bu,
valideynin diqqətini çəkmir:

“Amma şikayətin olmaması valideyni arxayın etməməlidir. Həmişə kənardan uşağa
diqqət etməlidir. Əgər uşaq televizora çox yaxından baxırsa, gözlərini tez-tez
ovuşdurursa, gözü tez-tez yaşarırsa, konyunktivit olursa, itdirsəyi tez-tez
çıxırsa, oynayarkən oyuncağına və ya xırda bir əşyaya baxmaq üçün onu çox
yaxınlaşdırırsa, oynadığı oyunda, oxuduğu kitabda, baxdığı şəkildə diqqətini
cəmləşdirə bilmirsə, həkimə demək lazımdır”.

R.Musayev qeyd etdi ki, uşaq 6 yaşında dərslərə başlayanda gözlərin funksional
təzyiqi artır:

“Görmə və ya funksional qüsuru olan uşaqlar başlarını əyri tutur, nəyəsə
baxanda başlarını az çevirib baxır, yaxşı görmək üçün çənələrini aşağı sıxır və
ya başlarını həddən artıq yuxarı qaldırıb baxmağa çalışırlar. Uşaq məktəbdən
gəlir və deyir ki, filan sırada oturmuşam, lövhədə yazıları görmürəm. Əslində
sinfin uzunluğu elə də çox olmur. Əgər uşaq o məsafədən görmürsə, deməli,
problem var. Valideyn isə müəllimə deyir ki, uşağımı daha qabaq sıraya keçir.
Amma əslində uşağı göz həkiminə aparıb, eynək yazdırmaq lazımdır. Yaxud da uşaq
hərflərin birini böyük, digərini balaca yazır. Valideyn də düşünür ki, yəqin
xasiyyətdir, diqqətcil deyil, gec inkişaf edir. Uşaq diqqətini cəmləşdirə
bilmirsə, kitabı oxuyur, lakin bir müddət sonra oxuduğunu izah etməkdə çətinlik
çəkirsə, çox vaxt bu görmə ilə bağlı olur. Valideynlər isə bunu uşağın fikrinin
başqa yerdə olması ilə əlaqələndirirlər”.

Mütəxəssis dedi ki, daimi və vaxtaşırı istifadə olunan eynəklər var:

“Eynək daimi istifadə üçündürsə, nəzarət etmək lazımdır ki, uşaq eynəkdə
olsun. Həkim uşağa eynək yazıbsa, müalicənin effektiv olması üçün deyildiyi
kimi istifadə olunmalıdır. Yoxsa “həkim özü üçün deyir, səhər taxsın, axşam
yox, uşaq eynək taxmaqdan yoruldu, çıxar” demək düzgün deyil. Bəzi həkimlər
deyir ki, uşaqlara kontakt linza taxmaq olmaz. Əslində, olar. Sadəcə kontakt
linza istifadəsi zamanı gigiyenaya əməl edilməli, taxılıb-çıxarılanda mütləq
əllər sabunla yuyulmalıdır. Uşaqlar isə çirkli əlini də gözünə vura bilər. Ona
görə uşaqlara 12-13 yaşına kimi kontakt linza tövsiyə etməkdən çəkinirlər. Amma
bəzi hallarda görmə qüsurlarının düzəlməsi, müalicəsi üçün kontakt linzanın
istifadəsi eynəkdən daha effektiv və faydalıdır. Əslində, hər ikisi paralel
istifadə olunmalıdır”.

R.Musayev bildirdi ki, insana informasiyanın 80 faizi gözlə daxil olur:

“Əgər gözdə problem varsa, deməli, bu informasiyanın bir hissəsindən məhrum
oluruq. Uşağı göz həkiminə aparmaqdan yox, aparmamaqdan qorxmaq lazımdır.
Vaxtında problemi aşkar etmədikdə, eynək yazılmayıb, müalicə edilmədikdə, gözlə
beynin arasındakı sinirlərdə sönmə yaranır. Sonra onu bərpa etmək demək olar
ki, qeyri-mümkün olur. Yüngül bərpa olunsa da, effektivliyi aşağı olur. 2019-cu
ilin statistikasına görə dünyada 1,5 milyon korluğu olan uşaq var. Onların 50
faizinə vaxtında müdaxilə olunsaydı, korluq yaranmazdı. Dünya əhalisinin 70
faizində görmə qüsuru var. Bu insanların cəmi 40 faizi görmə qüsurunun olmasını
bilir. Praktikada da tez-tez rast gəlirik, xəstə gəlir, oturur, deyir “uzağı
yaxşı, yaxını pis görürəm”. Amma müayinədə görürük ki, heç uzağı da yaxşı
görmür”.

Ekspertin sözlərinə görə, adətən uşaqların gözlərini kompüter, planşet,
telefonun zəiflətdiyini düşünürük:

“Amma uşağın əlindən texnologiyanı birdəfəlik almaq da olmaz. Bu zaman
intellektual inkişafdan geri qalacaq. Sadəcə, düzgün istifadə etməyi öyrətmək
lazımdır. Yazı yazmaq, oxumaq, kompüter, planşet, telefonu bir saat istifadə
etdikdən sonra fasilə vermək, uzağa baxmaq lazımdır. Belə fasilələr nə qədər
tez-tez olarsa, göz o qədər sağlam işləyəcək və gələcəkdə problemlər
yaranmayacaq. Otağın işıqlanması da önəmlidir. Çalışmaq lazımdır ki, uşağın
olduğu otaq qaranlıq olmasın. Uşaq tez-tez təmiz havada, fiziki aktiv
olmalıdır. Fiziki aktivlik olmayanda da görmə pozuntusu əmələ gələ bilir.
Qidalar balanslı, vitamin tərkibli olmalıdır. Uşağın eynək taxmaq istəməməsinin
səbəbi onun nadincliyi deyil. Düzgün eynək yazılıbsa, uşaq heç vaxt yaxşı
görmədən imtina etməz. Eynək seçərkən mütəxəssislərə müraciət edin. Küçədəki
piştaxtalardan eynək sifariş vermək düzgün deyil”.

Source link