5beb12a6-fc54-4f45-8e1a-79642db89196..jpg

Üzərinə şəhid qoxusunu hopduran məkandan REPORTAJ + FOTO

Baxış sayı: 894 dəfə baxılıb.

Üzərinə şəhid qoxusunu hopduran məkandan REPORTAJ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bura Vətən Müharibəsi Fondudur.

O fond ki, Azərbaycanın Milli Qəhrəmanları – general-mayor Polad Həşimov,
polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və digər şəhidlərimizin
izlərini yaşadır.

Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarına və Azərbaycanın bütövlüyü uğrunda
qanından, canından keçən şəhidlərimizə məxsus əşyalar və fotolar burada
mühafizə olunur.

Cixisyolu.com-ın əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyində yerləşən Vətən
Müharibəsi Fondunda saxlanılan əşyalarla tanış olmaq üçün muzeyə yollanıblar.

2020-ci ildən başlayaraq torpaqlarımız mənfur düşməndən azad edildi. Ordumuz
bu müharibədə rəşadət göstərərək torpaqlarımızı düşməndən azad edib. Təbii ki,
itkisiz qələbə olmur. Gedən döyüşlər zamanı şəhidlər verdik.

Qəhrəman övladlarımızın əşyalarını saxlamaq və gələcək nəslə göstərmək üçün
2021-ci ilin yanvar ayında Vətən Müharibəsi Fondu təsis edilib.

Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov deyir ki, elə həmin il muzeyin
müxtəlif şöbə və fondlarının əməkdaşları sosial şəbəkələr vasitəsi ilə müraciət
yayaraq fonda materialların toplanılmasına başlayıblar:

“Əməkdaşlarımız ölkəmizin müxtəlif bölgələrindən olan şəhidlərimizə aid şəxsi
əşyaların, hərbi geyimlərin, sənədlərin, fotoların və sairin toplanması işinə
başladılar. Bizim fonda daxil olan materialların arasında Birinci Qarabağ
müharibəsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və 44
günlük Vətən müharibəsinə aid materiallar yer alıb”.

Öyrənirik ki, fonda daxil olan materiallar arasında Vətən müharibəsində xüsusi
xidmətləri olan müvafiq dövlət qurumlarına aid nümunələr də vardır.

Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunları, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd
Xidməti, Azərbaycan Ərazilərinin Minalardan Təmizləmə Agentliyi (ANAMA) və
Müdafiə Sənayesi Nazirliyinin şəxsi heyətlərinin geyim növləri və
ləvazimatlarının nümunələri, tədris və ideoloji vəsaitləri də Vətən Müharibəsi
Fondunda daim mühafizə edilir.

Fondun müdiri deyir ki, hərbi geyimlər ayrıca geyim dolablarından asılır:

“Fotoşəkillər və sənədlər isə qovluqlarda mühafizə edilir. Bundan başqa,
fondun materialları inventarlaşdırılır və qeydiyyat kitabına salınır. Bununla
da həmin materiallar daimi mühafizəyə təqdim edilir. Fondun yaradılmasında əsas
məqsəd Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizə məxsus əşyalar,
sənədlər və materiallar əsasında sərgilərin təşkili, həmin materialların daimi
mühafizəsi, onların elmi tədqiqat proseslərinə cəlb edilməsi və nəşrlərin
hazırlanmasıdır.

Fond materialları əsasında gələcəkdə sənədli filmlərin və televiziya
verilişlərinin çəkilişi də mümkündür. Fondun materiallarının gələcək sərgilərdə
nümayiş etdirilməsi hərb tariximizlə yanaşı, şəhidlərimizin xatirəsinin
ehtiramla yad edilməsi baxımından da əhəmiyyətlidir. Müxtəlif dövri mətbuat
səhifələrində şanlı qələbəmizin təbliğatı istiqamətində Vətən Müharibəsi
Fondunun özünəməxsus rol oynayacağı şübhəsizdir”.

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Tovuz döyüşlərində
qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun geyimləri üçün guşə
yaradılıb. Orada geyimi, əşyaları, aksesuarları nümayiş olunur.

Ş.Mövsümov deyir ki, hazırda Vətən Müharibəsi Fondunda 335 şəhid və qaziyə
məxsus 3 279 ədəd inventar qorunur:

“Bunlar fondun əməkdaşları tərəfindən xüsusi proqram vasitəsilə
pasportlaşdırılır. Həmçinin, fond materialları əsasında mütəmadi olaraq muzeyin
saytında informasiya xarakterli yazılar gedir. Vətən müharibəsi tədqiqatçıları
fonda müraciət etməklə elmi tədqiqat işləri də aparırlar. Artıq fond
kolleksiyasına istinadən müxtəlif yerli və xarici konfranslarda elmi məruzələr
edilib, müxtəlif toplularda məqalələr dərc olunub”.

Vətən Müharibəsi Fondunun materialları əsasında 2021-ci ilin mayından 2022-ci
ilin fevralınadək “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi təşkil edilib.
Həmin sərgidə ümumilikdə 205 şəhidin və 10 qazinin şəxsi əşyaları nümayiş
etdirilib.

30 vitrindən ibarət olan bu sərgidə eksponatlarla yanaşı, 12 informasiya
paneli, yeddi iriölçülü baner, ordumuz tərəfindən ermənilərdən ələ keçirilmiş
58 ədəd hərbi qənimət də yer alıb.

Fonda şəhidlərimizin baş geyimindən tutmuş hərbi çəkmələri, almış olduqları
fəxri fərmanların, təşəkkürnamələrin, orden-medalların və diplomların rəngli
surətləri, eləcə də, şəxsi əşyaları – saat, qolbaq, kompas, alışqan, təsbeh,
pulqabı və sair var. Onlar yaxınları tərəfindən birdəfəlik təhvil verilib.

Fonda daxil olan materiallar arasında şəhidlərimizin hərbi təhsil və təlim
illərini əks etdirən fotolarla yanaşı, döyüş yoluna aid fotolar da yer alıb. Bu
materialların hər biri olduqca dəyərli eksponatdır və sərgilərdə nümayiş
etdirilib.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Source link