a5d8d17e-97f2-43a4-ada2-3f1097936341..jpg

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Baxış sayı: 548 dəfə baxılıb.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada
açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi
konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.

2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü – sentyabrın 18-də Şuşa
şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda
Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti
təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif
Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət
əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər
üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki, Azərbaycan Dövlət Uşaq
Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin
şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri
Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə
bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri
ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında
Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən
hər kəs bu karaokeyə qoşula biləcək.

ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən
tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan
Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik
Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif
proqramlar təqdim olunacaq.

Source link