7f68ab29-6df8-462e-8d17-4ea8798eff5c..jpg

Üzeyir Hacıbəylinin anadan olmasından 138 il ötür – VİDEO

Baxış sayı: 454 dəfə baxılıb.

Üzeyir Hacıbəylinin anadan olmasından 138 il ötür – VİDEO

Bu gün dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq,
ictimai xadim. SSRİ xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasından 138 il
ötür.

Cixisyolu.com xatırladır ki, Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də dünyaya göz
açıb.

Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən
başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Lakin Ermənistanın silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü səhər
saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və
Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində 50
hərbçimizin şəhid olması ilə əlaqədar Milli Musiqi Günü ilə bağlı, habelə digər
tədbirlər təxirə salınıb.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim
kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan
sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin
tarixi 113 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə
başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn
Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli
rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci
il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış
“Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca
Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan
Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910),
“Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi
milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə
Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan
parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun
edib. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının
opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq
rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında
“Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera
yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə
bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və
arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin
ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski
(Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk
tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya
müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu
operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində
oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon
valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə
çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu
Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən
çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar,
kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq
Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus
olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran
ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri
əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı.
1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi
əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin
yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu
Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən
çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar,
kamera və xor əsərləri yazıb, yaradıb.

O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox
iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti
tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü
qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya
və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun
işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Source link