f8a92396-9ce6-4537-bebf-4b81c5a70ba5..jpg

Vəfa Zeynalova: “Üzr istəyəndə düşünürəm ki, özüm-özümü aldadıram” – FOTO

Baxış sayı: 625 dəfə baxılıb.

Vəfa Zeynalova: “Üzr istəyəndə düşünürəm ki, özüm-özümü aldadıram” – FOTO

“O illərdə səhnəyə çıxıb heç nə oynamaq istəmirdim, sanki həvəsdən
düşmüşdüm…”

“Hər obrazımız gözəl, möhtəşəm alınmır. Səhvlərimiz də olur, hansısa rolumuz
daha gözəl, hansısa daha zəif alınır. Bunu biz içimizdə hamıdan, ələxsus da
tamaşaçıdan yaxşı bilirik. Bəzən olur ki, məşq zamanı həmkarımızdan xahiş
edirik ki, “otur zalda bax, sonra çatışmazlıqları mənə deyərsən”. Bununla belə
deyə bilmərəm ki, bu gün arzuladığım yerdəyəm. Mənə elə gəlir ki, çox zaman
itirdim. Bir dönəm oldu ki, durğunluq idi, tamaşaçı teatra gəlmirdi. Tamaşaçı
teatra gəlməyəndə aktyor istər-istəməz passivləşir. Aktyor tamaşaçı istəyir.
Biz səhnəyə çıxıb, tamaşa oynayırdıq, hərdən zalda o qədər az adam olurdu ki,
səhnəyə çıxıb, tamaşanı oynamaq istəmirdik. Həmin dönəmdə heç nə oynamaq
istəmirdim. Sanki həvəsdən düşmüşdüm. Bir dönəm də oldu ki, teatrımız təmirə
bağlandı, o dönəmlərdə də elə də çox rollar almadıq. Ara-sıra boşluqlar oldu.
Bir də gördük ki, zaman keçib. İstədiyim obrazları artıq faktura imkan vermirdi
ki, oynayım. Müəyyən rolları da özüm oynamaq istəmədim. Bəzi obrazları da mənə
təklif edən olmadı. Təəssüflər olsun ki, bizim sənətimiz asılı sənətdir”.

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası,
əməkdar artist Vəfa Zeynalova deyib.

“Bəzən həyatdır, qanıqara olduğumuz günlər də olur. Tamaşaçı problemimizi
bilməli deyil ki. Belə olanda daha rahat oluram. Ümumiyyətlə öz problemimi də
sevmirəm ki, kimləsə bölüşüm. O insan mənə o qədər yaxın olmalıdır ki, onunla
nəyisə bölüşə bilim. Problemlərimi bölüşməyi sevmirəm. Bu dəqiqə hər kəsin
başında onsuz da bir problem var, mən öz neqativliyimi həmin insanın üstünə
töküb, onu niyə yükləməliyəm ki?!” deyə aktrisa bildirib.

Vəfa Zeynalova dostlarının çox az olduğunu deyib.

“Dostum çox azdır, amma tanışlarım çoxdur. Dost olmaq üçün o qədər mən o
insanı tanımalıyam ki. Öz xasiyyətimlə onun xasiyyəti üst-üstə düşməlidir ki,
mən o insanla dostluq edim. Dost dediyim insanın üzünə baxanda jestlərindən,
gözlərindən bilirəm ki, o nə istəyir. Hər insandan dost olmur. Buna zaman lazım
gəlir. Dostuma xəyanəti, arxamdan iş çevirməyi bağışlamaram. Söz verib, sözü
tutmayanda həmin insana çox əsəbi oluram. Çünki mən sözümün ağasıyam. Heç kimə
yalandan söz verməyi sevmirəm. Əgər söz vermişəmsə, nəyin bahasına olursa-olsun
onu yerinə yetirməliyəm. Onu da qarşı tərəfdən gözləyirəm. Bir şeyi bacarıramsa
mütləq edəcəyəm. Mənim üçün ilk növbədə dostumun işidir” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, üzr istəməyi bacarmır.

“Üzr istəməyi bacarmıram. Üzr istəyəndə düşünürəm ki, özüm-özümü aldadıram. Bu
hiss mənə yaddır. O illərdə hər zaman bütün məşqlərə gecikirdim. Mütləq Lüftü
Məmmədbəyovdan sonra otağa daxil olurdum. İçəri girib deyirdim ki, “bağışlayın
da, gec gəlmişəm”. Deyirdi ki, “elə et ki, üzr istəmək məcburiyyətində
qalmayasan”. Mən də bunu etməyə çalışıram. Onsuz da üzr istəyə bilmirəm, elə
edim ki, üzr istəməyim” deyə sənətçi bildirib.

Source link