Vəkil alimentin ödənilməsi ilə bağlı yeni qərarı şərh etdi: “Valideyn öz
mənfəətini düşünməməlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən ilin dekabr ayında Ali Məhkəmənin Mülki Kollegiyasının Mülki-Prosessual
Məcəllənin 418-1-ci maddəsinin tələblərinə müvafiq olaraq verdiyi 2023-cü il 9
iyun tarixli təqdimatı əsasında Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə
tutulan uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən
çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank
hesabına köçürülməsi məsələsinə dair qərardad qəbul edilib.
Vətəndaşlara bu qərarı daha sadə və aydın şəkildə izah etmək üçün Hüquq və
İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin
müdiri və Vəkillər Kollegiyasının üzvü Vüsalə Muradxanlı e-huquq.az-ın
suallarına aydınlıq gətirib:
– Vüsalə xanım, Ali Məhkəmənin bu qərarının nə kimi əhəmiyyəti olacaq?
– Bu qərar alimentin ödənilməsi prosedurları ilə bağlı hüquqi norma və
tətbiqlərin daha da dəqiq müəyyənləşdirilməsini təmin edir. Ailə Məcəlləsinin
55.3-cü maddəsinin tətbiqi kontekstində, ödənilən alimentlərin idarə edilməsi
və təyinatı ilə əlaqədar hüquqi mexanizmləri aydınlaşdırır, həmçinin
prosedurların daha da şəffaf və qanun çərçivəsində həyata keçirilməsini təmin
etmək məqsədi daşıyır. Düşünürəm ki, şəffaflıq qərarın əhəmiyyətinə müsbət
təsir göstərəcək.
– Alimentin bank hesabına köçürülməsi nə dərəcədə effektiv sayılır?
– Qərarda alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına
köçürülməsi məsələsinə toxunulub. Bu məsələ alimentin məqsədyönlü istifadəsini
təmin etmək və uşaqların maddi təminatının daha səmərəli və effektiv idarə
edilməsini hədəfləyir.
– Bəs alimentin xərclənməsi hansı istiqamətlərdə aparılmalıdır?
– Qeyd edim ki, alimentin məqsədəuyğun xərclənməsi ilə bağlı mübahisələrdə
sübutetmə yükünün tərəflər arasında necə bölüşdürüldüyü əhəmiyyətli bir
məsələdir. Bu baxımdan, alimentin hansı məqsədlə istifadəsinin sübut edilməsi
hər iki tərəfin hüquqi öhdəliklərinin anlaşılmasını tələb edir. Aliment
yetkinlik yaşına çatmayan uşaqların rifahını, maddi təminatını və təhsilinin
keyfiyyətini yaxşılaşdırmaq və digər bu kimi önəm daşıyan istiqamətlərdə
xərclənməlidir. Valideyn uşağa düşən paydan öz mənfəəti üçün istifadə
etməməlidir.
– Məhkəmənin bu qərarın icrası prosesində rolu necə olmalıdır?
– Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına
açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə
sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia
icraatı qaydasında baxılır. Məhkəmə qərarının icrası əsasən qanuni qüvvəyə
minmiş qətnamələrin effektiv həyata keçirilməsi məqsədi daşıyır. Bu kontekstdə
alimentin düzgün və vaxtında ödənilməsi həm aliment ödəyən, həm də aliment alan
tərəflərin hüquqi məsuliyyətləri çərçivəsində müzakirə olunmalıdır.
– Bu qərarın qanunvericiliyə uyğunluğu və praktiki tətbiqolunma pirinsipləri
nə kimi əhəmiyyət daşıyır?
– Qərarın Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik
aktları ilə uyğunluğu hüquqi-normativ çərçivənin təhlili baxımından olduqca
vacibdir. Qeyd etmək istərdim ki, qərarın praktiki tətbiqi və məhkəmə
prosedurlarında yaratdığı yeniliklər hüquq icmasının bu sahədəki iş
prinsiplərinin yenidən qiymətləndirilməsini tələb edir. İnanıram ki, bu
aspektlər qərarın hüquqi təhlili baxımından çox böyük önəm daşıyır və qərarın
hüquqi təcrübəyə olan təsirini dərinləşdirir. Bütün bunlar alimentin ödənilməsi
ilə bağlı prosedurların daha da mükəmməlləşəcəyinə inam yaradır.
Yekun olaraq bildirmək istəyirəm ki, bu qərar uşaqların yaşayış rifahını
yaxşılaşdırmaq və onların gələcək iqtisadi təminatını gücləndirmək baxımından
mühüm bir addımdır. Aliment ödənişlərinin bu cür tənzimlənməsi valideynlərin
maliyyə məsuliyyətini bir az da artırır və onları uşaqların rifah səviyyəsinə
daha çox diqqət yönəltməyə təşviq edir.