ef04a9fb-9756-4b6b-9814-0f10345d812d..jpg

Vəkil keçmiş MTN generalının oğluna vurduğu yarım milyon manatlıq ziyanı ödəyib – YENİLƏNİB

Baxış sayı: 856 dəfə baxılıb.

Vəkil keçmiş MTN generalının oğluna vurduğu yarım milyon manatlıq ziyanı
ödəyib – YENİLƏNİB

Həbsdə olan ləğv edilmiş MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı 510
min manatlıq dələduzluqda təqsirləndirilən tanınmış vəkil Elçin Qəmbərovun
cinayət işi üzrə məhkəmə başlayıb.

“Report” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə
Məmmədzadənin sədrliyi ilə hazırlıq iclası keçirilib.

İclasda qeyd edilib ki, E.Qəmbərov general Şıxəliyev həbs olunan zaman onun
oğlu Elgün Şıxəliyevdən 510 min manat pul alıb. İttihama görə, vəkil bu pulun
qarşılığında sabiq Mövlam Şıxəliyevi həbsdən buraxdıracağına dair vəd verib.
Lakin sonradan vədinə əməl etməyib.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də idarə rəisi olarkən törətdiyi qanunsuzluqlara
görə, 12 il həbs cəzası alıb.

Bugünkü prosesdə Elçin Qəmbərovun vəkili Leyla Namazzadə prosesin qapalı
keçirilməsi və Qəmbərovun ev dustaqlığına buraxılmasına dair vəsatət verib.
Hakim hər iki vəsatəti rədd edib. Belə ki, cinayət əməli şəxsin peşə
fəaliyyətinə və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu əsası ilə
vəsatətlər təmin edilməyib.

Daha bir vəsatət isə Qəmbərovun özü tərəfindən verilib. O, saxlanıldığı Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasından Penitensiar Xidmətin
İstintaq Təcridxanasına köçürülmək istədiyini deyib. Hakim vəsatəti təmin edib.

Bundan başqa məhkəmədə Elgün Şıxəliyevin göndərdiyi ərizə də elan edilib.
Ərizədə göstərilib ki, Elçin Qəmbərov Şıxəliyevlərə vurduğu ziyanı tam ödəyib
və ailənin ona qarşı heç bir iddia tələbi yoxdur.

Proses martın 7-də davam etdiriləcək.

15:52

Keçmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi
vəzifəsində çalışmış general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə
qarşı dələduzluq etməkdə mühakimə olunan 15 saylı Vəkil Bürosunun vəkili,
“Mərkəz” Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərovun ittiham aktı məlum olub.

“Report” xəbər verir ki, Elçin Qəmbərov “Mərkəz” vəkil bürosunun müdiri
vəzifəsində işləyərkən 2021-ci ilin aprelin ortalarında Elgün Şıxəliyevdən onun
atası barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan
yaxın münasibətlərindən istifadə etməklə ev dustaqlığı qətimkan tədbiri ilə
əvəz olunmasına nail olacağını vəd verib. Elçin Qəmbərov Elgün Şıxəliyevdən 320
000 ABŞ dolları (544 min manat) alıb. O, 2021-ci ilin avqustunda gələcəkdə
yenidən həmin pul vəsaitini almaq və Elgünün etibarını qazanmaq məqsədi ilə
həmin pul vəsaitini E.Şıxəliyevə geri qaytarıb.

İttiham aktına görə, daha sonra Elçin Qəmbərov 2021-ci ilin sentyabrında Elgün
Şıxəliyevin pulunu ələ keçirmək məqsədilə rəhbəri olduğu büronun vəkili Arzu
Cavadova xidmət haqqı formasında 300 000 ABŞ dollar məbləğində pul vəsaiti
müqabilində Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi
vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə edərək, məhkəmə baxışı
zamanı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail ola biləcəyini
bildirib. O, rəhbəri olduğu büronun xidməti iş otağında Elgün Şıxəliyevlə
görüşüb və ondan xidmət haqqı adı ilə xüsusilə külli miqdar hesab edilən 527
000 manat ekvivalentinə bərabər 300 000 ABŞ dollar məbləğində pul vəsaitini
alıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Qəmbərov ona
elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki,
2021-ci ilin aprel ayında “Mərkəz” vəkil bürosunun müdiri işləyəndə iş
barəsində həmin vəkil bürosunun vəkili Arzu Cavadovla söhbət edib:

“Bu zaman Arzu Cavadov ona Mövlan Şıxəliyevin vəkili olduğunu bildirib. Həmin
vaxt Mövlam Şıxəliyev barəsində cinayət işinin ibtidai istintaqı davam edirdi.
Mövlam Şıxəliyevin barəsində həmin iş üzrə həbs qətimkan tədbiri seçilmişdi.
Arzu Cavadovla söhbət zamanı ona yuxarı dövlət orqanlarında bəzi vəzifəli
şəxsləri tanıdığımı, Mövlam Şıxəliyev barəsində seçilmiş həbs qətimkan
tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edə
biləcəyimi dedim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə gün sonra vəkil bürosunun
inzibati binasında Arzu Cavadova Mövlam Şıxəliyev barəsində seçilmiş həbs
qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi məsələsini
“həll edəcəyi”ni, bunun üçün onlardan 320 000 ABŞ dollar məbləğində pul
alacağını, həmin pulun xidmət haqqı kimi onun özünə lazım olduğunu söyləyib:

“Bu danışıqdan bir həftə sonra vəkil bürosunun inzibati binasında olan otaqda
Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev vəkil Arzu Cavadovun iştirakı ilə mənə
320 000 ABŞ dolları verdi. Əslində isə həmin pul məbləğini alanda niyyətim
Elgün Şıxəliyevi aldadaraq onun pulu aldatma yolu ilə ələ keçirmək olub. Hər
hansı vəzifəli şəxslə əlaqə qurmaq niyyətim olmayıb. Pul vəsaiti mənə
veriləndən sonra Elgün Şıxəliyev və Arzu Cavadov tez-tez zəng etdi, məsələnin
nə yerdə olduğunu soruşdular. Mən isə onlara gözləmək lazım olduğunu dedim. Bu
haldan sonra bir neçə ay ərzində məsələnin həll edilməsi üçün heç bir hərəkət
etmədim, heç kimlə əlaqə qurmadım”.

Elçin Qəmbərov qeyd edib ki, 2021-ci ilin avqustunda Mövlam Şıxəliyev
barəsində olan cinayət işi istintaq orqanı tərəfindən məhkəməyə göndərilib:

“Elgün Şıxəliyevin mənə olan inamını daha da artırmaq, yəni guya ona yalan
danışmadığımı inandırmaq üçün, lakin iş məhkəmənin icraatında olan zaman
yenidən həmin pul vəsaitini Elgün Şıxəliyevdən almaq məqsədilə Arzu Cavadova
qaytardım. Cinayət işi məhkəmə baxışında olarkən Arzu Cavadova Mövlam
Şıxəliyevə köməklik göstərilməsinin mümkün olduğunu, tanıdığım vəzifəli
şəxslərlə yenidən əlaqə qura biləcəyimi dedim. Bu xidmət üçün bu dəfə 300 000
ABŞ dolları istədim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2021-ci ilin sentyabrında Elgün
Şıxəliyev yenidən Arzu Cavadovun iştirakı ilə ona 300 000 ABŞ dollar verib:

“Elgün Şıxəliyevdən aldığım pulları adlarını çəkmək istəmədiyim müxtəlif
şəxslərə olan borclarımın qaytarılmasına xərclədim. Pulları qaytara bilmədiyim
üçün Elgün Şıxəliyev barəmdə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdi”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Elgün Şıxəliyev bildirib
ki, 2021-ci ilin aprel ayında atası Mövlam Şıxəliyevin barəsində Baş
Prokurorluq tərəfindən cinayət işi başlanılıb:

“Bununla əlaqədar həmin cinayət işi üzrə atamın barəsində həbs qətimkan
tədbiri seçildi. Atam Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov olub. Bir neçə gün
sonra Arzu Cavadov atama köməklik edə bilən şəxsin olduğunu dedi, həmin şəxsin
köməkliyi ilə həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinin
mümkünlüyünü bildirdi. Bununla yanaşı, həmin şəxsin vəkil Elçin Qəmbərov
olduğunu, bu məsələni Elçin Qəmbərovun 320 000 ABŞ dollar xidmət haqqı
müqabilində vəzifəli şəxslər vasitəsilə həll edə biləcəyini qeyd etdi. Həmçinin
bu məbləğin Elçin Qəmbərovun özü üçün lazım olduğunu bildirdi. Bir müddət
fikirləşdikdən sonra bu təkliflə razılaşdım. Elçin Qəmbərovun sözlərinə
inandım, 320 000 ABŞ dolları topladım, Arzu Cavadovla birlikdə Mərkəz vəkil
bürosunun rəisi Elçin Qəmbərovun otağına getdim. 320 000 ABŞ dollarını Elçin
Qəmbərova verdim”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra həm özü, həm də Arzu Cavadov Elçin
Qəmbərovla əlaqə saxlayıb, işin nə yerdə olduğunu maraqlanıblar:

“Elçin Qəmbərov isə hər dəfə məsələnin yaxın vaxtlarda həll olunacağını,
vəzifəli şəxslərlə danışıqlar apardığını dedi. Bir neçə ay keçdikdən sonra,
yəni təxminən avqust ayında Elçin Qəmbərov öz verdiyi vədi tutmadı. Habelə
Elçin Qəmbərova zəng etdikdə, məsələnin yaxın günlərdə həll olunacağını desə
də, məsələnin həll olunmadığını anladım”.

Elgün Şıxəliyev qeyd edib ki, 2021-ci ilin avqustunda atası Mövlan Şıxəliyevin
barəsində olan cinayət işi məhkəməyə göndərilən ərəfələrdə Elçin Qəmbərov
məsələni həll edə bilmədiyini, pulu qaytarmaq istədiyini deyib:

“Bununla bağlı olaraq Elçin Qəmbərov bütün məbləği, yəni 320 000 ABŞ dollarını
Arzu Cavadov vasitəsi ilə mənə qaytardı. Həmin ilin sentyabrında Elçin Qəmbərov
Mövlam Şıxəliyevin vəkili Arzu Cavadova artıq cinayət işinin məhkəmədə
olduğunu, vəzifəli şəxslərlə danışdığını, məsələnin demək olar ki, həll
olunduğunu bildirdi. Bunun müqabilində 300 000 ABŞ dollar məbləğində xidmət
haqqı kimi pul istədi. Bu dəfə də Elçin Qəmbərov qeyd etdi ki, bu məbləğ onun
özü üçün lazımdır. Elçin Qəmbərovun tanınmış vəkil olduğunu, habelə müxtəlif
dövlət orqanlarında tanışlarının olmasını düşünərək sözlərinə inandım. 300 000
ABŞ dollarını vəkil Arzu Cavadovla birlikdə Elçin Qəmbərovun xidməti iş
otağında ona verdim”.

Elgün Şıxəliyev deyib ki, bundan sonra Elçin Qəmbərov atasına hər hansı
köməklik göstərməyib:

“Dəfələrlə verilən pul vəsaitinin qaytarılması ilə bağlı ona müraciət etsəm
də, verilən pul vəsaitini qaytarmadı. Buna görə də artıq aldadıldığımı anladım
və Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət etdim”.

Qeyd edək ki, Elçin Qəmbərovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin
icraatına verilib.

Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli
miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib. M.Şıxəliyev Bakı
Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun
general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat
göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin M.Şıxəliyevin və ailə üzvlərinə
məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Source link