Vəkili Əhməd Əhmədovun ekspertiza rəyindən danışmaq istəmədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun tibbi ekspertizası başa
çatıb. Artıq o, Bakı İstintaq Təcridxanasına qaytarılıb. Bildirilir ki, onun
hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələlik yekun rəy hazır
deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim
ediləcək. Əhməd Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına
yerləşdirilmişdi.
Bəs diaqnozun dəqiqləşməsi daha nə qədər çəkəcək? Yekunda onun məcburi
müalicəyə göndərilməsi mümkünmü?
Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov müvəkkili barəsində ekspertizanın
rəyindən danışmaq istəməyib. O, “Yeni Müsavat”a bildirib ki, rəy haqda hər
hansı bir fikir bildirmək istəmir.
Hadisədən sonra Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə,
qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli
törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk
etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya
sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur:
“Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət
yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq
tibbi stasionara yerləşdirilir”.
Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd
etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və
bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən
istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə
üzvlərini niyə öldürmüsən” sualına cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm,
çünki belə lazım idi” söyləyib.
Əhməd Əhmədovun psixi vəziyyəti haqqında ziddiyyətli məlumatlar var. Onun bu
qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra
bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı
əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız
vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, o, affekt
vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü
insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və
anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu
göstərir.
Ekspertiza onun cinayət törətdiyi zaman anlaqlı olmadığı haqda rəy verərsə,
sonrası necə olacaq?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, ekspertiza Əhməd
Əhmədovun anlaqlı olmadığını müəyyən edərsə, hadisəni affekt vəziyyətində
törətdiyini təsdiqləyərsə, bu halda onun barəsində məcburi müalicə qərarı
veriləcək:
“Əhməd Əhmədovun hadisədən sonra istintaqa verdiyi və ictimailəşən ifadəsi
doğrudursa, belə nəticə hasil olur ki, o, törətdiyi əməldən peşman deyil. Bu
məqamı onun psixi durumunun o qədər də uyğun olmadığı kimi qiymətləndirmək
olar. Belə qanlı cinayəti törətmiş şəxs məntiqlə əməlini təkzib etməli və ya
əməlinə haqq qazandırmaq üçün bir bəhanə uydurub deməlidir. Əhməd Əhmədov isə
sakitcə cinayətini etiraf edir.
Onun psixi durumunun ən azı hadisəni törədərkən normal olmasını deməyə əsas
verən məqam var və mətbuatda da bu haqda kifayət qədər yazılıb. Əhməd Əhmədov
ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürüb. Cinayət
törətmək üçün mağazadan kəsici-deşici alətlər alıb. Yəni cinayəti planlı
şəkildə törədib. Hər halda, Əhməd Əhmədovun psixi sağlamlığı ilə bağlı
birmənalı olaraq fikir söyləmək çətindir. İndiki halda məhkəmə ekspertizasının
rəyini gözləmək lazımdır”.
Hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən
təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri
zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı
detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə
kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da
verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin
yaxınlığındakı mağazadan satın alıb. Hazırda istintaq davam edir.
Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman
Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və
2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə
yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən
1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən
saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman
qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı
şübhələr müəyyən edilib.