39528d47-59fc-4ebb-b48d-4cb7df6d5ad5..jpg

Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb – FOTO

Baxış sayı: 536 dəfə baxılıb.

Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb – FOTO

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə
bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə
tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam
şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

Cari ilin sentyabr ayının 18-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət
qazanmış 56 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari
təlimə başlanılıb.

İcbari təlimin ilk günündə keçirilən tədbirdə Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov açılış nitqi ilə çıxış
edərək, vəkilliyə namizədlərə uğurlar arzu edib, təlim zamanı vəkillərin lazımi
biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni
öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini qeyd edib. Sədr bildirib ki, insan
haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular
nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.

Həmçinin Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti
barədə fikirlərini səsləndirib, son dövrlər Azərbaycan vəkilliyində aparılan
islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, onların
yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə məlumat verib.
O, son illər tədris prosesində dəyişdikliklərin edildiyini, bu istiqamətdə
müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə
həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və
effektli proqramın mövcud olduğunu diqqətə çatdırıb.

Sədr vurğulayıb ki, məqsədimiz gözləntilərə cavab vermək, ölkə vətəndaşlarına
keyfiyyətli hüquqi yardımın yüksək səviyyədə çatdırılmasıdır.

Eyni zamanda tədbirdə Anar Bağırov “Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının dekabr 2017 – dekabr 2022-ci illər üzrə Fəaliyyəti Barədə
Hesabat” adı ilə çap edilmiş nəşrdən, həmin hesabatda yer almış Kollegiyanın
son 5 ildə gördüyü işlər, apardığı ardıcıl və sistemli islahatlardan danışaraq,
vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini
diqqətə çatdırıb.

Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və
gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il
tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu
çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar
hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb. O, bu Sərəncamın
ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını,
istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının
faktorlarından biri olduğunu dilə gətirib.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklikləri
yüksək qiymətləndirən Anar Bağırov bununla bağlı gələcəkdə hüquqi
maarifləndirmə işlərinin davamlı aparılmasını vurğulayıb.

Sonra Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi Fakültəsinin
dekan müavini Günel Sadıqova çıxış edərək deyib ki, təlimlərin əsas məqsədi
vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsidir.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin
sədri Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik”
mövzusunda mühazirəsi dinlənilib.

Source link