Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və təqaüd
necə veriləcək?
Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən
müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və
Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qanunvericiliyə uyğun olaraq, onlara “Müharibə veteranı” adı və vəsiqəsi
xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.
Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri,
Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın
27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak
etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə
veteranı” adı və vəsiqəsi verəcək.
Həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə
məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə
daxil edəcək.
Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq
təqaüdünü (80 manat) təyin edəcək.
Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd
təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu
barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s.
haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.
Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar
tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.