Vətən müharibəsi iştirakçılarının bir qrupunun Türkiyəyə səfəri başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin
təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə bir qrup
qazinin yanvarın 2-də Türkiyəyə səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, 1922-ci il yanvarın 3-də Mersin, 5-də isə Adana
şəhərlərinin düşmən işğalından azad edilməsinin il dönümləri ilə əlaqədar
olaraq Vətən müharibəsi iştirakçılarından ibarət Azərbaycan nümayəndə heyəti
qardaş ölkədəki tədbirlərdə iştirak edəcək, hərbiyönümlü rəsmi şəxslərlə,
partiya rəhbərləri ilə görüşlər keçirəcək.
Səfər barədə məlumat verən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə
İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycan-Türkiyə əlaqələrinin
günü-gündən inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan-Türkiyə
münasibətlərinin yüksək səviyyəyə qalxmasında Ümummilli Lider Heydər Əliyevin
də böyük əməyi var. Onun “Bir millət, iki dövlət” şüarı və Mustafa Kamal
Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
kəlamı bu birliyin və qardaşlığın rəmzinə çevrilib: “Prezidentlərİlham Əliyevin
və Rəcəb Tayyib Ərdoğanın da qardaşlıq əlaqələri münasibətləri daha da inkişaf
etdirərək müttəfiqlik səviyyəsinə yüksəldib. İki qardaş ölkə bütün
platformalarda bir-birini dəstəkləyir, biri-birinin yanındadır. Hərbiyönümlü
təşkilatlar da bu əlaqələri yüksək səviyyədə davam etdirirlər. Belə ki, Türkiyə
Ehtiyatda olan Zabitlər Birliyi, Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə
Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və
Yetimləri Birliyi ilə 2014-cü ildən bəri çox sıx əməkdaşlığımız var. Bu
məqsədlə ildə bir neçə dəfə qarşılıqlı olaraq Türkiyə və Azərbaycana
qazilərinin səfərləri təşkil olunur”.
E.Həsənli əlavə edib ki, qazilərin asudə vaxtının səmərəli təşkili, həmçinin
iki ölkə arasında hərbiyönümlü QHT-lərin əməkdaşlığı, hərbi sahədə təcrübə
mübadiləsinin aparılması da səfərlərin əsas məqsədlərindəndir.
Qeyd edək ki, yanvarın 2-dən 11-dək davam edəcək səfər çərçivəsində Türkiyənin
Ankara, Adana və Mersin şəhərlərində müxtəlif dövlət qurumlarının və
qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşlərin keçirilməsi
nəzərdə tutulur.