2020-ci il oktyabrın altısı – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin onuncu günü.
Cixisyolu.com xatırladır ki, Müdafiə Nazirliyinin həmin günə verdiyi məlumata əsasən,
gecə boyu Cəbrayıl-Füzuli istiqaməti də daxil olmaqla, cəbhə boyu bütün
istiqamətlərdə tam üstünlük nümayiş etdirilir və düşmənə ağır zərbələr
endirilir.
Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin zirehli
texnikalarını, atəşə dəstək və təminat vasitələrini məhv edir.
Ermənistan silahlı qüvvələrinin daha üç tankı, dörd ədəd “BM-21” “Qrad” yaylım
atəşli reaktiv sistemi sıradan çıxarılır. Düşmənin 42-ci artilleriya alayının
atəş mövqeyində yerləşdirilmiş “D-20” artilleriya qurğuları və onların
heyətləri zərərsizləşdirilir. Ballıca məntəqəsində yerləşən mərkəzi
silah-sursat anbarı məhv edilir.
Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası
qənimət götürülür.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə özünün “X”
səhifəsində Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl
rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir
neçə strateji yüksəkliyin azad olunduğunu açıqlayır.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən
gətirilən kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini sübut edən
radio danışıqları ələ keçirilir. Həmçinin, aparılan əməliyyatlar nəticəsində
daha iki əcnəbi muzdlu-terrorçu məhv edilir.
Saat 19-da Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Yevlax, Goranboy
və Beyləqan rayonlarının ərazilərini atəşə tutması barədə məlumat yayır.
Saat 21-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu müxtəlif
istiqamətlərdə intensiv atəşə tutması nəticəsində bir nəfər həlak olur, iki
nəfər yaralanır.
Həmçinin, həmin saatlarda Ermənistan silahlı qüvvələri regionun ən böyük
strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan
Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon
ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun
qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınır.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, gün ərzində düşmənə endirilən
artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda
müşahidə məntəqəsi sıradan çıxarılır, bir ədəd tank və üç top məhv edilir.
Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun
başçılıq etdiyi nümayəndə heyətiniqəbul edir
Görüşdə dövlətimizin başçısı deyir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın çox
açıq, qətiyyətli bəyanatları bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy Kanal”
televiziyasınamüsahibə verir
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti
müşavirə keçirilir. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil
olunur, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri
tədbirlərin görülməsinə dair göstəriş verilir.
Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin
atıb qaçdığı və bölmələrimizin məhv etdiyi silah və hərbi texnikaların
görüntülərini yayır.
Müdafiə Nazirliyi, həmçinin, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı
kəndinin videogörüntülərini paylaşır.
silah-sursat anbarı darmadağın edilir
Vətən müharibəsinin 10-cu günü: Düşmənin mərkəzi silah-sursat anbarı
darmadağın edilir
Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış
məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə
tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı
isə 141-ə çatır.
Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi
və Horadiz şəhərlərini, Goranboy rayonunu, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və
Ağdam rayonunun Səfərli qəsəbələrini, Böyükbəyli və Təzəkənd kəndlərini,
cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan,
raketlərdən və artilleriya qurğularından atəşə tutur. Nəticədə onlarla mülki
infrastruktur obyekti sıradan çıxır, əhalinin əmlakına külli miqdarda ziyan
dəyir.
Əzizə İsmayılova