2020-ci il oktyabrın səkkizi – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin on ikinci günü. Əməliyyat planına uyğun olaraq, bütün tədbirlər
fasiləsiz olaraq davam edir.
Cixisyolu.com xatırladır ki, Ermənistan tərəfi mənfur xislətinə sadiq qalaraq, bu
dəfə də dinc əhalini və mülki infrastrukturu hədəf alır. Səhər saatlarından
başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının
kəndlərini artilleriya atəşinə tutur. Düşmənin mülki əhalini hədəfə almaqla
Goranboy rayonunun Şahməmmədli kəndini ağır artilleriyadan atəşə tutması
nəticəsində kəndin sakini, 1957-ci il təvəllüdü Türyan Tofiq qızı Quliyeva
yaşadığı evdə həlak olur, evə isə maddi ziyan dəyir.
Növbəti hədəf Gəncə şəhəri olur. Düşmən tərəfindən artıq üçüncü dəfə Gəncə
şəhərinə raket zərbələri endirilir. Həmçinin, Bərdə və Ağcabədi rayonlarının
kəndləri və Bərdə şəhəri də atəşə tutulur. Bərdə şəhərinin mərkəzində yerləşən
“Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan iki
nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alır, eyni zamanda, Bərdə şəhər
5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər beş nəfərin
yaralanmasına səbəb olur. O cümlədən, məktəbin binasına, çoxsaylı nəqliyyat
vasitələrinə külli miqdarda ziyan dəyir. O da məlum olur ki, Ermənistan silahlı
qüvvələri Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən, Gəncə
şəhərinə isə “Smerç” reaktiv yaylım atəşi sistemindən atəş açıb.
Bununla yanaşı, səhər saatlarından başlayaraq düşmən ordusunun Goranboy
rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı
Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən
Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində
çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta
kənd məktəbinə külli miqdarda ziyan dəyir. Həmin radələrdə Ermənistan ordusunun
Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən
intensiv atəşə tutması nəticəsində rayonun Böyükbəyli kənd sakinləri, 1992-ci
il təvəllüdü Sədi Bəbir oğlu Cəbrayıllı və 1977-ci il təvəllüdü Hürü Talış qızı
Quliyeva avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi
nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdirilirlər. Bir sözlə, döyüş meydanında ağır məğlubiyyətə düçar olan
düşmən ordumuzun uğurlarına yeni mənfur əməlləri ilə reaksiya verir.
Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan
Azərbaycan Ordusu isə bu təxribatların cavabını yenə də döyüş meydanında verir.
Belə ki, əvvəlcə ordumuz tərəfindən Ermənistanın milli qəhrəmanı Vartan
Markaryanın adını daşıyan Ermənistan ordusunun 8-ci əlahiddə motoatıcı
briqadasının döyüş bayrağı ələ keçirilir. Bu, müharibənin gedişində düşmənin
ələ keçirilən ikinci döyüş bayrağı olur.
Bununla yanaşı, ordumuzun əks-hücum əməliyyatı nəticəsində seperatçıların
liderlərindən olan Yervand Qaciyan da məhv edilir.
Müdafiə Nazirliyi isə gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin
hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına
endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımlayır.
Həmçinin, yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolonu
artilleriya atəşi ilə məhv edilir.
Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edildiyi növbəti
videogörüntüləri yayımlayır.
liderlərindən biri məhv edilir
Vətən müharibəsinin 12-ci günü – Separatçıların liderlərindən biri məhv edilir
Bir sözlə, müharibənin on ikinci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər
yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib