f51991d6-5012-4168-814c-f18127b9570e.jpg

Vətən müharibəsinin 14-cü günü – Ermənistan ordusunun ən bahalı radilokasiya stansiyası məhv edilir

Baxış sayı: 206 dəfə baxılıb.

2020-ci il oktyabrın 10-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin on dördüncü günü.

Cixisyolu.com xatırladır ki, atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı
qüvvələri əldə edilən razılığı kobud şəkildə pozur. Azərbaycanın Ağdam və
Tərtər rayonları artilleriya atəşinə tutulur. Bir neçə saat sonra isə
Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində
hücuma cəhd göstərir. Gecədən etibarən səhər saatlarınadək Azərbaycan Ordusunun
davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı
qüvvəsi, 13 ədəd tankı, dörd ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi,
altı ədəd “D-20” və “D-30” topu, üç ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya
qurğusu, iki ədəd M55 “Zastava” zenit qurğusu, iki radiolokasiya stansiyası və
radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilir və sıradan
çıxarılır. Bununla yanaşı, Ermənistan ordusunun bütün havadan müdafiə sistemini
yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (“ST-68U”) radiolokasiya stansiyası
məhv edilir.

Ermənistan tərəfi mənfur xislətinə sadiq qalaraq, bu dəfə də döyüşləri cəbhə
bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır.
Belə ki, axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam
rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə
tutulur. Top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü, Çəmənli
kənd sakini Gündüz Taryel oğlu Hüseynov həlak olur. Humanitar atəşkəs rejimini
kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri gecə saatlarından etibarən
Tərtər şəhərini artilleriya atəşinə tutur. Bu bir daha bütün dünyaya nümayiş
etdirir ki, Ermənistan rəhbərliyinin atəşkəs çağırışları riyakarlıqdan başqa
bir şey deyil.

Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan
Azərbaycan Ordusu isə nəinki öz torpaqlarını işğaldan azad etməyə, doğma
yurdundan didərgin salınan soydaşlarımızı ən qısa zamanda evlərinə qaytarmağı
qarşısına məqsəd qoyur. Elə həmin gün Prezidentİlham Əliyevin Rusiyanın RBK
telekanalına müsahibəsində dediyi kimi:

“Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən, təkcə bu il yeddi min
mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə
beş nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu,
kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir.
Zərərçəkmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik. Köçkünlər üçün şərait
yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq. Hər bir
köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri
görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq.
Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini
bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların
gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini
özlərinə qaytarıblar. İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə
yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış
şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy erməni tərəfi
fikirləşsin. O indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl
düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi.
Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi
təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda
rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.

Mərahim Nəsib

Source link