4577cda1-78cd-45b3-bfd8-de7e06e7ff03.jpg

Vətən müharibəsinin 15-ci günü – Ermənistan ordusu geri çəkilməyə məcbur edilir

Baxış sayı: 200 dəfə baxılıb.

2020-ci il oktyabrın 11-i – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin on beşinci günü.

Cixisyolu.com xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan
azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Döyüş meydanında ciddi
məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı cəbhə bölgəsindən kənara
daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Gecə saatlarında
Gəncə şəhəri “Skad-B” taktiki əməliyyat raket kompleksindən atılan taktiki
ballistik raketlərlə yenidən atəşə tutulur. Düşmənin Gəncəni növbəti dəfə atəşə
tutması nəticəsində ümumilikdə 31 mənzil tamamilə dağıdılır, çoxsaylı mülki
obyektlərə külli miqdarda ziyan dəyir. Beşi qadın olmaqla 10 nəfər həlak olur.
Altısı uşaq, 16-sı qadın olmaqla 40 nəfər yaralanır. Düşmən müharibənin
gedişində artıq dördüncü dəfə Gəncə şəhərini bombalamaqla vəhşi, barbar
xislətini bir daha ortaya qoyur.

Günün müxtəlif saatlarında isə Mingəçevir şəhəri, Goranboy, Tərtər, Ağdam,
Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən
atəşə məruz qalır. Raketlər ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri
tərəfindən zərərsizləşdirilir.

Ön cəbhədə isə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Ordusu düşmənin
cavabını yenə də döyüş meydanında verir. Gecə ərzində ordumuzun həyata
keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin
xeyli sayda canlı qüvvəsi, eləcə də beş ədəd “T-72” tankı, altı ədəd “D-20” və
“D-30” haubitsası, beş ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil
texnikası, üç ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi, beş ədəd “2S1”
“Qvozdika” özüyeriyən haubitsası, səkkiz ədəd hava hücumundan müdafiə sistemi
və radiolokasiya stansiyası məhv edilir və sıradan çıxarılır. Canlı qüvvə
sarıdan da xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı
alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da olur.

Erməni silahlı qüvvələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı
qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin
Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərir. Ancaq qüdrətli
ordumuzun çevikliyi sayəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli
sayda canlı qüvvəsi, o cümlədən hərbi texnikası sıradan çıxarılır. Bununla da
ermənilərin işğal etdikləri ərazilərdəki əsas qüvvə və ehtiyatlarına ciddi
zərbə vurulur. Həmçinin, Hərbi Hava Qüvvələrimiz tərəfindən Ermənistanın 41-ci
əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində
düşmən ağır itkilər verərək döyüş meydanından qaçmağa məcbur edilir. Səhər
saatlarında isə işğalçı ordunun Mingəçevir istiqamətində uçuşlar həyata
keçirməyə cəhd edən pilotsuz uçuş aparatı məhv edilir.

Təbii ki, müharibənin on beşinci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfindən olması, torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verirdi.

Mərahim Nəsib

Source link