2020-ci il oktyabrın 13-ü – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin on yeddinci günü.
Cixisyolu.com xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan
azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də
qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki
infrastrukturu hədəf alır. Səhər saatlarından başlayaraq, Ermənistan silahlı
qüvvələri Tərtər rayonunun ərazisini yenidən atəşə tutur. Həmçinin, humanitar
atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy,
Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə məruz qoyur. Bununla
da 17 gün ərzində 1 479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt
yararsız vəziyyətə düşür.
Azərbaycan Ordusu düşmənin cavabını yenə də döyüş meydanında verir. Silahlı
qüvvələrimiz tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin
müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də üç ədəd
“BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd “Tor-M2KM” zenit-raket
kompleksi, bir ədəd “ZSU-23-4” “Şilka” özüyeriyən zenit qurğusu, iki ədəd
“PDM-2”, üç ədəd 2A36 “Qiasint-B” topu, bir ədəd “KS-19” zenit topu, bir ədəd
“D-20” haubitsa topu, üç ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilir və
sıradan çıxarılır.
Habelə, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci
dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilir, 1-ci
motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınır, hərəkətdə olan
avtomobil texnikası sıradan çıxarılır. Əsgəran istiqamətində hərəkət edən 4-cü
motoatıcı alayın avtomobil texnikası kolonu və Qarakilsə rayonu istiqamətindən
işğal edilən ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət qrup atəş
zərbəsi ilə məhv edilir.
Azərbaycan Ordusu cəbhədə, Prezident İlham Əliyev isə diplomatiya sahəsində
düşmənin cavabını verir. Dövlət başçısı Türkiyənin “Haber Türk” televiziya
kanalına müsahibəsində müharibədə əcnəbi vətəndaşların iştirakı ilə bağlı Qərb
mətbuatının yalanlarını üzlərinə çırpır:
“Baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçular var. PKK-nın
düşərgələri var orada. O cümlədən Qarabağda PKK-nın düşərgələri var. Biz bu
bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə
qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir. Orada öldürülən
terrorçuların üzərindən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar
erməniəsillidirlər, ya da ki erməniəsilli deyillər, bu, başqa məsələdir. Başqa
ölkənin vətəndaşı gəlib bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır.
Bir də deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə
bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan
çıxıb. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də
alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa
ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi
sənaye kompleksi var. Niyə almayaq? İndi baxın, Ermənistan nə edir? Biz pulla
alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə
diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistanın 200-dən çox
tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni 233 erməni tankı bizdədir.
Ondan sonra iki “S-300” qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs
bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – “OSA-35″ məhv edildi.
TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını
hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar
dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən
bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər
və davam edir”.
Bir sözlə, müharibənin 17-ci günündə də üstünlüyün Azərbaycan Ordusu tərəfində
olması bütün ərazilərimizdə tezliklə bayrağımızın dalğalanacağından xəbər
verirdi.
Mərahim Nəsib