2020-ci il oktyabrın 15-i – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin on doqquzuncu günü.
Cixisyolu.com xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan
azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 14-dən 15-ə
keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində,
əvvəlki günlərdə olduğu kimi, vəziyyət gərgin olaraq qalır.
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi
istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərir.
Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı
tərəf ciddi itki verir və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə
məcbur edilir.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində
cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd
“T-72” tankı, bir ədəd “Tor-M2KM” zenit raket kompleksi, dörd ədəd “BM-21”
“Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd “D-20”, bir ədəd “D-30” və iki
ədəd “D-1” haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilir və
sıradan çıxarılır.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat
üstünlüyünü saxlayır.
Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı
cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf
alır, Goranboy, Tərtər, Ağdam və Ağcabədini atəşə tutur. Nəticədə Ağdam
rayonunun Birinci Baharlı qəsəbəsinin iki sakini yaralanır, evlərə ciddi ziyan
dəyir. Həmçinin,Tərtər şəhərində
dəfn mərasimi zamanı şəhər qəbiristanlığının ağır artilleriyadan intensiv
atəşə tutulması nəticəsində dörd mülki şəxs həlak olur, dörd nəfər isə ağır
yaralanır. Lakin düşmənin təxribatları nə xalqımızın, nə də ordumuzun döyüş
ruhuna təsir edə bilir. Azərbaycan Ordusu düşmənin cavabını yenə də döyüş
meydanında verir.
Prezident İlham Əliyev özünün rəsmi “X” səhifəsində “Rəşadətli Azərbaycan
Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd
rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq
olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” başlıqlı paylaşım edir.
Döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi uğurlar informasiya
cəbhəsində də davam etdirilir. Ali Baş Komandan İlham Əliyev Türkiyənin NTV
telekanalına müsahibəsində yaxın günlərdə növbəti sevincli xəbərlərin
gələcəyini deyir:
“Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, – əlbəttə ki, hər gün
bu rəqəmlər dəyişir, – təqribən 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi,
– şəhərlər və kəndlər işğalçılardan azad edilib. Yaxın vaxtlarda növbəti
sevincli xəbərlər, xoş xəbərlər gələcək”.
Ölkə başçısı, həmçinin, Rusiyanın “Rossiya Seqodnya Beynəlxalq İnformasiya
Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində faktlara
istinad etməklə, əslində, nələr baş verdiyini tamaşaçıların diqqətinə çatdırır,
Ermənistana və havadarlarına tarix dərsi keçir:
“XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, – onun statusu məhz
belə olub, – Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general
Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi
adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola
bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də
deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və
1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan
müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ
regionuna kütləvi şəkildə köçürülməsi başlanıb”.
Bir sözlə, müharibənin on doqquzuncu günündə də üstünlüyün Azərbaycan
Ordusunun tərəfindən olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib