20638ccc-b816-4ef8-b047-9b2ef3f13a41.jpg

Vətən müharibəsinin 20-ci günü – Üç kəndimiz işğaldan azad edilir

Baxış sayı: 253 dəfə baxılıb.

2020-ci il oktyabrın 16-sı, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirminci günü.

Cixisyolu.com xatırladır ki, Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə
bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır,
səhər saatlarından başlayaraq Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi
rayonlarının ərazilərini intensiv atəşə məruz qoyur. Azərbaycan Müdafiə
Nazirliyi həmçinin bir gün əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
olunan Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad
ərazisinə raket zərbəsi endirildiyini, lakin xoşbəxtlikdən sakinlərə və mülki
obyektlərə zərər dəymədiyini bildirir.

Ermənistandan fərqli olaraq mübarizəni yalnız döyüş meydanında aparan
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin
müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd “T-72”
tankı, bir ədəd “BM-21” “Qrad” YARS, beş ədəd “D-30” haubitsa topu, iki ədəd
“ZSU-23-4 Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş səkkiz
ədəd avtomobil texnikası məhv edilir və ya sıradan çıxarılır.

Bütün bunların fonunda Prezident İlham Əliyev sosial şəbəkə hesabında xalqa
növbəti müjdəni verir. Ölkə başçısı rəşadətli Azərbaycan Ordusunun Xocavənd
rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad etdiyini bildirir.

Müharibə Ermənistanın informasiya cəbhəsində də məğlub olması ilə davam edir.
Prezident İlham Əliyev bu dəfə Türkiyənin “A Haber” televiziya kanalına
müsahibəsində erməni faşizminin növbəti təzahürlərindən danışır:

“Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş
açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını
törədənlər bizim həmin mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, artıq
döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş
torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki
vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız
həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu
insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün
müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs
anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha
Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu
namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini
qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam
edəcəyik”.

Bir sözlə, müharibənin iyirminci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər
yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link