2020-ci il oktyabrın 17-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirmi birinci günü.
Cixisyolu.com xatırladır ki, Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə
bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır,
səhər saatlarından başlayaraq Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi
rayonlarının ərazilərini, həmçinin müharibə başlayandan etibarən beşinci dəfə
Gəncə şəhərini atəşə məruz qoyur. Erməni Silahlı Qüvvələri hücum zamanı “Skad”
ballistik raketlərindən istifadə edirlər. Raketlər əhalinin sıx yaşadığı
əraziyə düşür. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər
ziyan görür. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa, ikinci raket isə
şəhərin qərbində olan Kəpəz bölgəsinə düşür. Nəticədə 20 ev dağılır, xeyli
sayda mülki şəxs dağıntıların altında qalır. Hücum nəticəsində 15 nəfər həlak
olur, 55 nəfər isə yaralanır.
Bununla belə Ermənistan ordusu həmin saatlarda növbəti dəfə Cənubi Qafqazın ən
böyük elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəf
almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri
Mingəçevirə raketlər atır. Lakin raketlər Azərbaycan Hava Hücumundan Müdafiə
Qoşunları tərəfindən havadaca zərərsizləşdirilir.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri
səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının
ərazilərini yenidən atəşə tutur.
Ermənistandan fərqli olaraq mübarizəni yalnız döyüş meydanında aparan
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin
müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, yeddi ədəd “T-72”
tankı, iki ədəd “BM-21” “Qrad” YARS, səkkiz ədəd “D-30” və bir ədəd “D-20”
haubitsa topları, döyüş sursatı ilə yüklənən 10 ədəd yük maşını və yeddi ədəd
digər avtomobil texnikası məhv edilir və sıradan çıxarılır. 27 sentyabr
tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 234 tank, 49 ədəd piyadanın
döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı
toplar, iki ədəd “Uraqan” sistemi, bir ədəd “TOS 1a” odsaçan sursatı, iki ədəd
“Elbrus” əməliyyat-taktiki raket kompeksi, bir ədəd “Toçka-U”, iki ədəd “S-300”
kompleksləri, 35 ədəd “Osa”, üç ədəd “Tor”, beş ədəd “Kruq” və “Kub”
zenit-raket kompleksləri, 9 ədəd radioelektron mübarizə sistemləri, 196 ədəd
yük avtomobili məhv edilir. 36 tank, 24 ədəd piyadanın döyüş maşını, 98 ədəd
yük avtomobili isə qənimət kimi ələ keçirilir. Günorta saatlarında Ermənistan
silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə
Ermənistan -Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki
Azərbaycan Ordusu mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərərkən Hava
Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edilir.
Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə
ilə Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd “Tor-M2KM” zenit-raket
kompleksi məhv edilir.
Canlı qüvvə sarıdan da xeyli itki verən Ermənistan ordusu həmin gün növbəti
zərbəni alır. Erməni silahlı qüvvələrinin “Qara Qaplan” könüllü dəstəsinin
komandiri Rüstəm Qasparyan məhv edilir.
Elə həmin gün Prezident İlham Əliyev xalqımıza uzun illərdir gözlədiyimiz
müjdəni verir. Ölkə başçısı xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli,
Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli
şəhərinin işğaldan tam azad edildiyini açıqlayır.
Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi,
polkovnik Aşot Qazaryan da məhv edilənlər arasında olur.
Bütün bunların fonunda 18 oktyabr, saat 00:00-dan etibarən Azərbaycan və
Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verir.
Mərahim Nəsib