2020-ci il oktyabrın 18-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirmi ikinci günü.
Cixisyolu.com xatırladır ki, Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə
bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır,
səhər saatlarından başlayaraq, növbəti dəfə humanitar atəşkəs rejimini kobud
şəkildə pozur, Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də rayonun Araz
boyunca yerləşən və işğaldan azad olunan kəndlərini gecə ərzində minaatan və
artilleriya qurğularından atəşə tutur. Mənfur düşmən, həmçinin, cəbhənin
Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd
göstərir.
Ermənistandan fərqli olaraq, mübarizəni yalnız döyüş meydanında aparan
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin
müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd “S-300”
zenit-raket kompleksinin rakettuşlama stansiyası, beş ədəd “T-72” tankı, üç
ədəd “BM-21” “Qrad” yaylım atəşli raket sistemi, iki ədəd “Smerç”, bir ədəd
“D-20” haubitsası və bir ədəd “KS-19” zenit topu, altı ədəd avtomobil texnikası
məhv edilir və sıradan çıxarılır.
Günorta saatlarında cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun
mövqelərinə aviazərbə endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin
növbəti “Su-25” hücum təyyarəsi, eləcə də Horadiz istiqamətində uçuşlar
keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz
uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən
aşkar olunaraq məhv edilir. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri
tərəfindənXızı rayonuna
atılan raket də Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən
zərərsizləşdirilir. Elə günün həmin saatlarında Ordumuzun Füzuli istiqamətində
uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi
bölmələrimiz tərəfindən ələ keçirilir.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl Cəzirə” televiziya kanalına
müsahibəsində
Ermənistanın son təxribatları və törətdiyi müharibə cinayətləri barədə ətraflı
məlumat verir:
“Dünya birliyinin Ermənistanın qeyri-qanuni fəaliyyətinə və törətdiyi hərbi
cinayətlərə qarşı susqunluq nümayiş etdirməsi və bu hadisələri kəskin şəkildə
pisləməməsi Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə rəvac verir.
Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu hərəkətlərini kəskin şəkildə
pisləməyə və onu belə təxribatlar törətməkdən çəkindirməyə, həmçinin bu işğala
son qoymasını tələb etməyə çağırırıq. Ermənistan regionda sabitliyə və
təhlükəsizliyə yeganə ciddi təhdid olaraq qalır”.
Ən əsası isə – belə bir tarixi gündə Prezident İlham Əliyev xalqımıza növbəti
qələbə müjdəsini verir. 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş
Xudafərinin azad olunduğunu bildirir:
“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan
bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”
Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi
yazılır.
Mərahim Nəsib