d7b2f525-1a34-407e-bc98-113737451e36.jpg

Vətən müharibəsinin 23-cü günü – 13 kənd işğaldan azad edilir

Baxış sayı: 195 dəfə baxılıb.

2020-ci il oktyabrın 19-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirmi üçüncü günü.

Cixisyolu.com xatırladır ki, milli mübarizənin 23-cü günündə də qüdrətli ordumuz
tarix yazır. Belə ki, Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı,
Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli,
Şahvəlli, Hacı İsmayıllı və İsaqlı kəndləri işğaldan azad olunur. Qələbə
xəbərini Prezident – Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyev “X”
sosial şəbəkəsində elan edir.

Təbii ki, bu qələbəni əldə etmək heç də asan olmur. Humanitar atəşkəs rejimini
kobudcasına pozan Ermənistan silahlı qüvvələri gecə ərzində cəbhənin Ağdərə,
Ağdam, Füzuli, Hadrut, Cəbrayıl istiqamətlərində və Araz çayı boyunca müqavimət
göstərməyə cəhd edir, müdafiə mövqelərimizi, həmçinin Goranboy, Tərtər və
Ağdamı ağır artilleriya atəşinə tutur. Ermənistandan fərqli olaraq, mübarizəni
yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən
fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin
yüksəkrütbəli hərbçiləri də daxil olmaqla xeyli sayda canlı qüvvəsi, hərbi
texnikası məhv edilir.

Müharibə Ermənistanın həm də informasiya və diplomatiya cəbhəsində də məğlub
olması ilə davam edir. Prezident İlham Əliyev bu dəfə Rusiyanın TASS
informasiya agentliyinə videomüsahibəsində münaqişənin həlli ilə bağlı
Ermənistanın siyasi iradə nümayiş etdirmədiyini dünya ictimaiyyətinin diqqətinə
çatdırır:

“Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan
rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz
mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm
ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu
gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır.
Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə,
biz qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını
qoruyub-saxlamağı arzu edərək, bu məsələni siyasi yolla həll etməyə hazırıq”.

Lakin biz nə qədər humanistlik göstərsək də, düşmən öz mənfur xislətindən əl
çəkmir. Elə həmin gün Ağcabədi artilleriya atəşinə tutulur, rayonun Yuxarı
Qiyaməddinli və Qaraxanlı kəndlərində 25-dən çox ev dağıdılır. Tərtərin
müxtəlif istiqamətlərdən atəşə tutulması nəticəsində rayonun Ələsgərli kənd
sakini, 1962-ci il təvəllüdlü Niyaz Hüseynalı oğlu Səlimov ağır xəsarət alır.
Gün ərzində Tovuz, Daşkəsən, Tərtər, Ağdamdakı yaşayış məntəqələrimiz,
Göygöldəki mövqelərimiz minaatanlardan və iriçaplı silahlardan atəşə tutulur.

Ermənistandan fərqli olaraq, mübarizəni yalnız döyüş meydanında aparan
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin
müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd “T-72”
tankı, iki ədəd “BM-21” “Qrad” yaylım atəşli raket sistemi, bir ədəd “D-30” və
bir ədəd “D-20” haubitsası, 11 ədəd avtomobil texnikası məhv edilir və sıradan
çıxarılır. Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə
zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə
döyüş mövqelərini ataraq geri çəkilir, alayın müdafiə sahəsində yerləşən 63-cü
tank taborunun qərargah rəisi məhv edilir, 1-ci taborun komandiri və onun
müavini Gevorq Makaryan isə yaralanırlar. Həmçinin, 5-ci dağ-atıcı alayın
müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilir, digərləri
isə döyüş mövqelərini özbaşına tərk edərək qaçırlar. Tabor komandirinin müavini
mayor Hayk Stepanyan da ölənlər arasında olur.

Beləliklə, 2020-ci il oktyabrın 19-u da tariximizə daha bir şanlı gün kimi
yazılır.

Mərahim Nəsib

Source link