2020-ci il oktyabrın 20-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirmi dördüncü günü.
Cixisyolu.com xatırladır ki, oktyabrın 19-u gün ərzində və 20-nə keçən gecə cəbhənin
Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində
müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif
intensivliklə davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar,
minaatanlar və toplardan atəşə tutur.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ordumuz tərəfindən
həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində
düşmənin canlı qüvvəsi, iki ədəd “T-72” tankı, dörd ədəd “BM-21” “Qrad” yaylım
atəşli reaktiv sistemi, bir ədəd “D-30” haubitsa topu və beş ədəd avtomobil
texnikası məhv edilir və sıradan çıxarılır.
Eyni zamanda, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində
Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində
düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olur.
Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə
sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli
şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi
təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilir.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı
alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək
geri çəkilir.
5-ci dağatıcı alayın müdafiə sahəsində düşmən bölmələri xeyli itki verir.
Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.
18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan
ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə
iştirak etməkdən imtina edirlər. Məlum olur ki, ağır itkilərə məruz qalan bu
dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi
şəkildə fərarilik edirlər.
Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat
bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalır. Şəxsi heyətin
üçdəikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilir.
Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30
nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilir.
246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay
komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi
tədbirlər nəticəsində zərərsizləşdirilir.
Düşmən saat 17 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini
raket-artilleriya atəşinə tutur.
Axşam saatlarında Gəncə istiqamətində, bir qədər sonra isə Goranboy rayonunun
Tapqaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava
Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilir.
Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya
bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilir.
Oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa
müraciət edərək döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdiyimizi
bildirir:
kənd azadlığına qovuşur
Vətən müharibəsinin 24-cü günü: Zəngilan şəhəri və 24 kənd azadlığına qovuşur
“Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün
əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər
işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz
iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq,
kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra
mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da
buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan
sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz
onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını
yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın
birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və
ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.
Prezident, həmçinin, “X” sosial şəbəkəsində paylaşımlar edərək dörd rayonun
kəndlərinin, eləcə də Zəngilan şəhərinin işğaldan azad olunduğunun müjdəsini
bir daha xalqla bölüşür:
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər,
Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl
rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,
Yarəhmədli,
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan
rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və
Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ
Azərbaycandır!”
Beləliklə, Vətən müharibəsinin 24-cü günündə dörd rayonun ümumilikdə 25
yaşayış məntəqəsi azadlığına qovuşur.