2020-ci il oktyabrın 22-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirmi altıncı günü.
Cixisyolu.com xatırladır ki, rəşadətli ordumuz müdafiə mövqelərimizi minaatan və
toplardan atəşə tutan düşmənə ağır zərbə endirir. Ermənistan silahlı
qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya
alayının “D-20” batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralananlar
olur. Ağdərə istiqamətində yerləşən 5-ci dağ-atıcı alayın müdafiə sahəsinə
endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla
çoxlu sayda itki verir. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan
itkin düşür, taborun qərargah rəisi isə məhv edilir. 543-cü alayın müdafiə
sahəsinə zərbələr nəticəsində şəxsi heyət arasında xeyli itki olur. Alay
komandiri yaralanır, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun
müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilirlər.
Döyüş meydanından qaçan düşmən isə müharibə cinayətlərindən əl çəkmir. Erməni
silahlıları Siyəzən rayonu istiqamətində üç raket, Qəbələ rayonu istiqamətində
iki raket və Kürdəmir rayonu istiqamətində bir raket buraxırlar. Raket
zərbələri nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Murad Ceyhun
oğlu Əmirbəyov müxtəlif dərəcəli bədən xəsarətləri alır, kənd ərazisində
yerləşən beş yaşayış evinə ciddi ziyan dəyir. Həmçinin, Ermənistan silahlı
qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkə üçün xüsusi
strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket
atır, lakin Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə qüvvələri onu
zərərsizləşdirir, raketin hissələri su kəmərinin yaxınlığına düşür. Həmin gün
Naxçıvanın Sədərək və Şərur rayonları üzərində Ermənistan silahlı qüvvələrinə
məxsus daha bir taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilir.
Həmin gün Türkiyənin baş ombudsmanı Şərəf Malkoçu qəbul edən Prezident İlham
Əliyev bu barədə daha ətraflı məlumat verir:
“Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər
rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var
idi ki, Tərtər rayonuna iki min mərmi düşüb. Yəni onlar bizim şəhərlərimizi
dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq
buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar. Biz intiqamımızı döyüş
meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və
atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə
tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də Qarabağda yerləşən şəhərləri
atəşə tuturuq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər
çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir
ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal
faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan
qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər
gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan
Ordusu öz şərəfli missiyasını icra edir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə “Trend” İnformasiya
Agentliyinə müsahibəsində xalq – ordu birliyinin əhəmiyyətini vurğulayır:
“Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar
ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş
tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək,
bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad
edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra
biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını
qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin
bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz
demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı
yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Mən xalqın öz
Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd
naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə
çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm”.
Təbii ki, məğlub ordunun çarəsizliyindən irəli gələn cinayət əməlləri nə
xalqımızı, nə də ordumuzu əsas amaldan yayındıra bilərdi. Elə həmin gün dövlət
başçısı xalqımızı bir-birinin ardınca növbəti qələbə xəbərləri ilə müjdələyir.
Rəşadətli ordumuz Füzulinin üç, Cəbrayılın dörd, Zəngilanın 13 kəndini və
Ağbənd qəsəbəsini işğaldan azad edir.
Ağbəndin azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədinin tam
nəzarətə götürülməsi təmin olunur.
işğaldan azad edilir
Vətən müharibəsinin 26-cı günü: 21 yaşayış məntəqəsi işğaldan azad edilir
Beləliklə, müharibənin iyirmi altıncı günündə də üstünlüyün Azərbaycan
Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi
torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
Mərahim Nəsib