2020-ci il oktyabrın 23-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirmi yeddinci günü.
Cixisyolu.com xatırladır ki, bütün cəbhə boyu ərazilərdə döyüşlər davam edir. Düşmən
müdafiə mövqelərimizi atıcı silah, minaatan və toplardan atəşə tutur. Ordumuz
cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində düşmənə ciddi zərbələr
vurur. Ermənistan ordusunun bir neçə dayaq məntəqəsi dağıdılır, vacib ərazi və
yüksəkliklər azad edilir, əsas ehtiyatlarına, hərbi infrastrukturuna ciddi
zərbə vurulur. Döyüş texnikası, silah-sursat, ərzaq və hərbi ehtiyat
çatışmazlığı yaşayan düşmən yenidən dinc əhalini və yaşayış məntəqələrini
hədəfə almaq məqsədilə Tərtər, Ağdam və Ağcabədi rayonlarını intensiv atəşə
tutur.
Düşməndən fərqli olaraq, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız
mübarizəni üstünlüyünü saxladığı döyüş meydanında davam etdirir. Gün ərzində
Ermənistan silahlı qüvvələrinin üç pilotsuz uçuş aparatı (PUA) müdafiə
bölmələrimiz tərəfindən aşkarlanaraq məhv edilir. Digər iki PUA-sı isə xüsusi
texniki vasitələrlə yerə endirilir. Ardınca düşmənin yerdəyişmə etməyə
hazırlaşan canlı qüvvəsi və zirehli texnikası, artilleriya bölmələri, komanda
məntəqələri sıradan çıxarılır.
Bütün bunların fonunda Prezident İlham Əliyev növbəti dəfə xalqımızı
sevindirən xəbəri təqdim edir. Ölkə başçısı bu dəfə müzəffər Azərbaycan
Ordusunun Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas,
Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və
Mirzəhəsənli, Qubadlı rayonun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq
kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.
Beləliklə, müharibənin iyirmi yeddinci günündə də üstünlüyün Azərbaycan
Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi
torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
Mərahim Nəsib