da11111b-ce6b-443b-b5ef-27436308e6b1.jpg

Vətən müharibəsinin 28-ci günü: Düşmən mövqeləri tərk edərək geri çəkilir

Baxış sayı: 217 dəfə baxılıb.

2020-ci il oktyabrın 24-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirmi səkkizinci günü.

Cixisyolu.com xatırladır ki, oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin
Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş
əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən müdafiə mövqelərimizi
atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ordumuzun bölmələri
əməliyyat planına uyğun olaraq, cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş
fəaliyyətlərini davam etdirir.

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət
göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan
vurulur. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan
çıxarılır. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək
geri çəkilir. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülür, düşmənin
bir neçə dayaq məntəqəsi dağıdılır və vacib yüksəkliklər azad edilir.

Gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava
qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri
tərəfindən məhv edilir.

Cəbhədə ciddi itkilərlə üzləşən düşmən müharibə cinayətlərini davam etdirərək
mülki vətəndaşlarımızı hədəf alır. Tərtər, Bərdə, Goranboy və Naftalan
rayonlarının ərazilərindəki yaşayış məntəqələrimizi yaylım atəşli reaktiv
sistemlərdən atəşə tutur.

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata
keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata
əl atır. Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə
yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın
və Qubadlı ərazilərini güclü atəşə tutur.

Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan
yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd göstərir. Bölmələrimizin
sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilir. Düşmən
qüvvələrindən əsir götürülənlər olur.

Saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş
aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı
qüvvələrinin üç tankı, iki sığınacağı və bölüyün dörd dayaq məntəqəsini dəqiq
aviasiya zərbələri ilə məhv edir.

Saat 15:25-də Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən
Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan
Müdafiə bölmələrimiz tərəfindən məhv edilir.

Azərbaycan Ordusu cəbhədə, Prezident İlham Əliyev isə diplomatiya cəbhəsində
düşmən təxribatlarını dizə gətirir. Həmin gün Fransanın “Figaro” qəzetinə
müsahibə verən Ali Baş Komandan bütün təxribatçı sualları faktlarla
cavablandırır:

Vətən müharibəsinin 28-ci günü: Düşmən mövqeləri tərk
edərək geri çəkilir
Vətən müharibəsinin 28-ci günü: Düşmən mövqeləri tərk edərək geri çəkilir

“Biz sentyabrın 27-də Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan
Azərbaycana qarşı hərbi hücuma keçib. Bu hərbi hücumun ilk saatlarında bizim
mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olub. Bu, üç ay
müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi.
Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan
dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan
ibarət idi ki, Ermənistan bizə qarşı hücum edib. Onlar yeni əraziləri işğal
etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə
kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ
keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru
kəməri, demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil,
həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki,
Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək
və bizi, ola bilsin, Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi
cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun
ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları
törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun
başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılıb və o ifadə verir.
Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən
bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə,
bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı
bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri
münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz
onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın
beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad
etməyə davam edirik”.

Beləliklə, müharibənin iyirmi səkkizinci günündə də üstünlüyün Azərbaycan
Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Source link