adb480b5-0530-408d-9847-d7432a326fda.jpg

Vətən müharibəsinin 30-cu günü – Üçüncü atəşkəs elan olunur

Baxış sayı: 196 dəfə baxılıb.

2020-ci il oktyabrın 26-sı, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin otuzuncu günü.

Cixisyolu.com xatırladır ki, müharibə başlayandan bəri üçüncü atəşkəs elan olunur. 26
oktyabr yerli vaxtla səhər 8:00-dan etibarən Azərbaycanla Ermənistan arasında
humanitar atəşkəs qüvvəyə minir. Ordumuz humanitar atəşkəs rejiminə bütün cəbhə
boyu tam riayət edir. Ermənistan silahlı qüvvələri isə əzəli və əbədi
xislətlərinə sadiq qalaraq, gün ərzində müxtəlif aralıqla Laçının Səfiyan
kəndində, həmçinin Gədəbəy, Tovuz və Daşkəsəndə yerləşən bölmələrimizi, Tərtər
şəhərini və kəndlərini, Füzuli, Ağdam və Ağcabədidə yaşayış məntəqələrimizi
artilleriya atəşinə tutur. Daşkəsənə hücum nəticəsində meşə yanğını başlayır.
Axşam saatlarında isə Tərtər “Smerç” reaktiv yaylım atəşli sistemindən atəşə
tutulur. Gün ərzində yaşayış məntəqələrimizə iki yüzdən çox mərmi atılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində
müharibədə hərbi və siyasi vəziyyəti şərh edir:

Vətən müharibəsinin 30-cu günü – Üçüncü atəşkəs elan
olunur
Vətən müharibəsinin 30-cu günü – Üçüncü atəşkəs elan olunur

“Bir daha deyirəm, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır.
Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı
var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq
və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu
döyüşlərdə artıq məhv edildilər. Ədalət zəfər çaldı. Ona görə bir daha
mövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla
qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla
həll edəcəyik. Azərbaycanlılar qayıdırlar Şuşaya, azərbaycanlılar qayıdırlar
Xankəndiyə. Əvvəllər yaşadığımız bütün başqa yerlərə qayıdırlar. Erməni əhali
üçün şərait yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar,
həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm
beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan isə istəyir ki, bizi
oradan qovsun, ondan sonra etnik təmizləmə aparsın, bizim abidələrimizi
erməniləşdirsin, xaricdən erməniləri gətirsin oraya. Bəs Cəbrayıla yol
çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs Şuşada parlament binası tikirdin?
Nə oldu o? Cəhənnəmə getdi”.

Prezident İlham Əliyev İtaliyanın “Rai-1” televiziya kanalına müsahibəsində
Ermənistanla barışığın mümkün olub-olmaması ilə bağlı suala da aydınlıq gətirir:

“İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlər boyu yaşadıqları
torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində
yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa
ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə
barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər.
Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni
ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə
olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları
qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları
nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə,
lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə
ciddi düşünməli və düzgün addım atmalıdır”.

Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi işğalçı
siyasətdən imtina etsəydi, regionumuz dünyanın ən firavan bölgələrindən birinə
çevrilə bilərdi. Təəssüf ki, bu dəfə də əksi oldu.

Bütün bunların fonunda Prezident xalqı sevindirən növbəti müjdəni verir. Ölkə
başçısı Azərbaycan Ordusu tərəfindən bir gün əvvəl Zəngilan rayonunun Birinci
Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonunun Qovşudlu,
Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar,
Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı
şəhərinin azad olunduğunu bəyan edir.

Beləliklə, müharibənin 30-cu günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link