0307cc96-f98d-4305-8243-59e072cd22d5.jpg

Vətən müharibəsinin 35-ci günü: Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilir

Baxış sayı: 136 dəfə baxılıb.

2020-ci il oktyabrın 31-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin otuz beşinci günü.

Cixisyolu.com xatırladır ki, oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində
Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi
müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.

Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd və Qubadlı
istiqamətlərində davam edir.

Gecə saatlarında və gün ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin
xeyli sayda canlı qüvvəsi, beş “T-72” tankı, üç ədəd PDM, iki ədəd “Smerç” və
üç ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi, 15 ədəd müxtəlif tipli
topu, bir ədəd “Osa” zenit-raket kompleksi, bir ədəd radioelektron mübarizə
stansiyası, üç ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Düşmən 6:00-dan etibarən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini
artilleriya atəşinə tutur.

Günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının
mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilir. Məlum olur ki,
Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu
təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd
göstərir. Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan
çıxarılır və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayır.
Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “KamAZ” markalı ikinci
avtomobilə minmələri də müşahidə edilir. İçərisi silahlı hərbçilərlə dolu olan
bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilir.

Azərbaycan Ordusu ön xətdə, Prezident İlham Əliyev isə diplomatiya cəbhəsində
təxribatların qarşısını uğurla alırlar. Almaniyanın ARD televiziya kanalına
müsahibəsində Ali Baş Komandan “kim birinci atəş açdı” sualına belə cavab verir:

Vətən müharibəsinin 35-ci günü: Düşmənin
kəşfiyyat-diversiya qrupu məhv edilir
Vətən müharibəsinin 35-ci günü: Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilir

“Cavab – Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və
hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl
surətdə üçüncü hərbi təxribat idi. Birinci – iyul ayında törədildi. O zaman
onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və
hərbi qulluqçular arasında itkilərimiz oldu. İkinci cəhd avqust ayında baş
verdi. Ermənistan diversiya qrupu göndərmişdi, onun başçısı tərəfimizdən
saxlanıldı və o ifadə verdi ki, mülki şəxslərə hücum etmək üçün göndərilib.
Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və
kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu belə
başladı”.

Beləliklə, müharibənin 35-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Source link