61af9a8b-37e2-41bc-957e-95db9ca353ee.jpg

Vətən müharibəsinin 37-ci günü: Səkkiz kənd işğaldan azad edilir

Baxış sayı: 206 dəfə baxılıb.

2020-ci il noyabrın 2-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin otuz yeddinci günü.

Cixisyolu.com xatırladır ki, döyüş əməliyyatları cəbhənin, əsasən, Ağdam, Xocavənd,
Qubadlı və Zəngilan istiqamətlərində davam edir. Bölmələrimiz Zəngilanda
əlverişli yüksəkliyi ələ keçirmək məqsədilə hücum edən Ermənistanın hərbi
qruplaşmalarını vaxtında aşkarlayaraq geri çəkilməyə məcbur edirlər.

Həmçinin, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı
qüvvəsi ilə yanaşı, dörd ədəd “BM-21” “Qrad” qurğusu, 10 ədəd müxtəlif tipli
topu, üç ədəd sursatla dolu yük maşını və beş ədəd digər avtomobil texnikası
sıradan çıxarılır. Habelə, Tərtərin Çardaqlı kəndi istiqamətində bir ədəd “Kub”
zenit-raket kompleksi məhv edilir. Bununla yanaşı, mövqelərimizə hücum etməyə
cəhd göstərən düşmənin “Su-25” döyüş təyyarəsi də bölmələrimizin şəxsi
heyətinin sayıqlığı nəticəsində vurulur. O cümlədən, qondarma rejimin “müdafiə
naziri”nin müavini Artur Sarkisyan döyüşlərdə ordumuz tərəfindən öldürülür.

Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı
qüvvələrinin bölmələri Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi
bölmələrimizin mövqelərini atəşə tuturlar. Lakin Ermənistanın müharibə
cinayətlərinin cavabını ordumuz yenə də döyüş meydanında verir.

Beləliklə, Prezident İlham Əliyev özünün “X” səhifəsində gözlənilən müjdəni
xalqa çatdırır:

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa
Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun
İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun
Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Bir sözlə, müharibənin 37-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link