00e2f8ec-ce34-4d95-bf6a-529b9558d206.jpg

Vətən müharibəsinin 39-cu günü: 7 kənd işğaldan azad edilir

Baxış sayı: 122 dəfə baxılıb.

2020-ci il noyabrın 4-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin otuz doqquzuncu günü.

Cixisyolu.com xatırladır ki, döyüş əməliyyatları əsasən cəbhənin cənub və cənub-şərq
hissələrində – Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir.

Düşmən gecə boyu bölmələrimizin yerləşdiyi mövqelərimizi və yaşayış
məntəqələrimizi müxtəlif atıcı silahlardan atəşə tutur. Ağdərə, Ağdam və
Xocavənddə hücuma keçməyə cəhd edən düşmən şəxsi heyət və hərbi texnikada
itkilər verərək geri çəkilməyə məcbur edilir.

Azğın düşmən acığını yenə də mülki şəxslərdən çıxmağa çalışır. Səhər
saatlarından başlayaraq, Tərtər rayonunun Hüsənli və Qazian kəndlərini, Şıxarx
qəsəbəsini, eləcə də Tərtər şəhərini, Ağcabədinin Hacılar, Qaraxanlı və Boyat
kəndlərini, həmçinin Ağdamın kəndlərini artilleriya atəşinə tutur.

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində
torpaqlarımızın azadlığı uğrunda sona qədər mübarizə aparacağımızın mesajını
verir:

“Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu
vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il
idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar
prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı
əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan
rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi
hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab
verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən
danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında
həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır
idik və bunu da edirik”.

Bütün bunların fonunda dövlət başçısı həmin gün xalqa növbəti müjdəni verir.
Prezident özünün “X” səhifəsində Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli
kəndləri, Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri, Qubadlı rayonunun Başarat,
Qarakişilər, Qaracallı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.

Beləliklə, müharibənin 39-cu günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link