24963e91-77d8-4689-96c3-6b14ed3d0109.jpg

Vətən müharibəsinin 40-cı günü: Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur edilir

Baxış sayı: 57 dəfə baxılıb.

2020-ci il noyabrın beşi, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin qırxıncı günü.

Cixisyolu.com xatırladır ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən,
cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edir. Goranboy, Tərtər,
Ağdam və Ağcabədidəki yaşayış məntəqələrimizi və mövqelərimizi atıcı
silahlardan atəşə tutan düşmənə Ordumuz ağır zərbələr endirir.

Ermənistan ordusunun hücumlarının, Zəngilan rayonu ərazisində isə diversiya
cəhdlərinin qarşısı qətiyyətlə alınır. Düşmən şəxsi heyət və hərbi texnika
baxımından itkilər verərək geri çəkməyə məcbur edilir. Döyüş meydanında atıb
qaçdıqları hərbi texnikalar qənimət götürülür.

Ermənistan ordusu yenidən mülki obyektləri və dinc sakinlərimizi hədəf alır.
Səhər saatlarında Ağcabədinin Qiyaməddinli kəndinə dörd mərmi atılır. Gün
ərzində isə fasilələrlə Tərtər rayonunun Səhləabad kəndi, Tərtər şəhəri,
Ağdamın Hacıturalı və Əfətli kəndləri artilleriya atəşinə tutulur.

Təbii ki, ordumuz bütün bunların cavabını yenə də ön cəbhədə verir. Düşmənin
Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən bir komandir, bir rabitə avtomobili,
şəxsi heyət və sursatla dolu iki ədəd “KamAZ” maşını və qoşqusunda top olan üç
ədəd “Ural” maşını tamamilə məhv edilir.

Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən
Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına
atəşlə zərər vurulur. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar olur.
Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılır, artilleriya
qurğuları tam sıradan çıxarılır.

Həmin gün Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə
müsahibəsində Azərbaycan Ordusunun üstünlüyündən danışır:

“Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin
ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində
Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini
azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir
daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi
bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının
Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin
Ermənistan tərəfindən, demək olar ki, 30 il ərzində əməl olunmayan
qətnamələrini icra edirik”.

Beləliklə, müharibənin qırxıncı günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link