2020-ci il oktyabrın 1-i – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin beşinci günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı
işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Azərbaycan Ordusunun
bölmələri Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda
tutduqları mövqelərinə gecə ərzində sarsıdıcı artilleriya zərbələri endirir.
Cixisyolu.com xatırladır ki, həmin gün hücumlar nəticəsində düşmən bütün cəbhə boyu
ağır itkilər verir. Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan
düşmən, ilk dörd gündə olduğu kimi, müharibənin beşinci günündə də qarşıdurmanı
cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf
alır.
Baş Prokurorluq məlumat yayaraq bildirir ki, işğalçı ölkənin silahlı
qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır
artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşən top
mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Zabil Məhəmməd oğlu Həsənov
həlak olub, avtovağzala ciddi ziyan dəyib. Həmçinin, işğalçı ölkənin silahlı
qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə
ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Hacıməmmədli
kəndində yaşadıqları evə düşən top mərmisinin qəlpələrindən 1966-cı il
təvəllüdlü Mürşüd Rəşid oğlu Məmmədov və onun 1996-cı il təvəllüdlü oğlu Samir
Məmmədov həlak olublar, yaşadıqları evə külli miqdarda ziyan dəyib. Hər iki
faktla bağlı cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyi isə Ermənistan silahlı qüvvələrinin atdığı mərmi
nəticəsində Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus
evdə yanğın baş verdiyini bildirir. Hadisə yerinə cəlb edilən FHN Dövlət
Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi
sayəsində evin bir hissəsi yanğından mühafizə olunub. Bundan başqa, Tərtər
rayonunun Səhləbad kəndində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi
intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatını
başa çatdırması mümkün olmayıb. Bundan başqa, Tərtər rayonunda qəbiristanlıq
ərazisinə mərmi düşməsi nəticəsində başlayan yanğına ərazi atəşə tutulduğundan
müdaxilə etmək mümkün olmayıb.
Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Horadiz
şəhəri, Goranboy və Ağdam rayonlarının cəbhəboyu kəndləri də Ermənistan silahlı
qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə məruz qalır.
Lakin düşmənin təxribatları bununla da bitmir. Ermənistan ordusu Gorus rayonu
istiqamətindən Azərbaycan ərazisini raket atəşinə tutur. Bu, artıq Ermənistan
ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum olur. Birinci hücum
isə müharibənin dördüncü günündə Basarkeçər rayonu ərazisindən Daşkəsən rayonu
ərazisinə həyata keçirilir. Mənfur düşmənin dinc əhaliyə və mülki
infrastruktura divan tutmasından fərqli olaraq, Azərbaycan Ordusu dinc
sakinlərə zərər vurmadan, müharibəni yalnız döyüş meydanında apararaq irəliyə
doğru addımlayır.
Bunun bariz nümunəsi Müdafiə Nazirliyinin günün ikinci yarısında yaydığı
növbəti məlumatda öz əksini tapır:
“Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış
məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci
motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı
alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına
atəş zərbələri endirilib”.
Məğlubiyyətlə barışmayan Ermənistan hərbi-siyasi rəhbərliyi isə təxribat
xarakterli dezinformasiyalar yaymaqda davam edirdi. Düşmən xüsusilə də qardaş
Türkiyəni münaqişə tərəfi kimi göstərməyə çalışır, beynəlxalq ictimaiyyəti
çaşdırmaqla təxribatlarına don geyindirməyə cəhd göstərir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ermənistanın bu iftirasına Türkiyə
Böyük Millət Məclisinin tribunasından cavab verir:
“Türkiyə olaraq, azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və bütün
qəlbimizlə dəstək verməyə davam edəcəyik. Bu bölgədə daimi sülhün yolu
ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri
çəkilmələrindən keçir. Ermənistan rəhbərliyini isə hər şeyi bir kənara qoyub,
israrla Türkiyəyə böhtan atmaq cəhdi əsla xilas etməyəcək”.
Bir sözlə, düşmən hər nə qədər də mübarizəni namərdcəsinə aparsa da,
döyüşlərin beşinci günü də Azərbaycan Ordusunun üstünlüyü ilə sona çatır.
Mərahim Nəsib