0a21b22c-8385-463d-b8ea-f1de72569bda.webp

Vətən müharibəsinin doqquzuncu günü – Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir

Baxış sayı: 304 dəfə baxılıb.

2020-ci il oktyabrın beşi – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin doqquzuncu günü.

Cixisyolu.com xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan
azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Döyüş meydanında ciddi
məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı cəbhə bölgəsindən kənara
daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Belə ki, səhər
saatlarından etibarən Ermənistan silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan,
Bərdə, Tərtər, Zərdab, Ağcabədi rayonlarının yaşayış məntəqələrini atəşə tutur.
Hərbi əməliyyatların aparıldığı zonadan xeyli uzaqda yerləşən Gəncənin ikinci
dəfə hədəf seçilməsi Ermənistanın faşist mahiyyətini növbəti dəfə ortaya qoyur.
Ermənistan ərazisindən Gəncəyə raket atılması nəticəsində üç dinc sakin
həyatını itirir. Mülki infrastruktura külli miqdarda ziyan dəyir.

Ermənistan silahlı qüvvələrinin dinc əhalinin sıx yaşadığı əraziləri növbəti
dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi
küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşən raket mərmisinin
qəlpələrindən Şəhriyar İsa qızı Mehdiyeva dünyasını dəyişir, üç nəfər isə
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.

Həmçinin, erməni silahlı qüvvələrinin Ağdam rayonunu müxtəlif istiqamətlərdən
intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Eyvaz Musa oğlu
Rəhimov həlak olur, rayonun Üçoğlan kənd sakini, 1971-ci il təvəllüdlü Mehman
Ağalar oğlu Səfərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdirilir.

Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır
artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi
nəticəsində Qızılhacılı kənd sakini, 1955-ci il təvəllüdlü Raziyə Bayraməli
qızı Abbasova həlak olur, eyni zamanda, top mərmisinin düşdüyü başqa bir
yaşayış evinin sakinləri – 1958-ci il təvəllüdlü Məşdi İbrahim oğlu Həsənov,
sonuncunun qızı, 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi,
2011-ci il təvəllüdlü Elcan Elgün oğlu Həsənov, boş sahəyə düşmüş top
mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Rasim Nadir oğlu Ələkbərov
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilirlər.

Eyni zamanda, Beyləqan şəhərinə atılan iki ədəd raket mərmisindən biri uşaq
bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşür.

Günorta saatlarında isə Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini və
Beyləqan şəhərini yenidən atəşə tutur. Bu, Ermənistanın terroru dövlət
səviyyəsində dəstəklədiyini bir daha göstərir.

Bununla yanaşı, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının Radiolokasiya
sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları
ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket
buraxılışını qeydə alır.

Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan
Azərbaycan Ordusu isə bu təxribatların cavabını yenə də döyüş meydanında verir.
Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin 63-cü tank
taborunun daha üç ədəd tankı, həmçinin cəbhənin Ağdərə istiqamətində 62-ci
artilleriya alayının iki ədəd, 41-ci artilleriya alayının iki ədəd “BM-21”
“Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilir.

Azərbaycan Ordusu isə hər şeyə rəğmən, tarix yazmağa davam edir. Prezident
İlham Əliyev özünün “X” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun
Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə
strateji yüksəkliyi işğaldan tam azad etdiyini açıqlayır.

Təbii ki, müharibənin doqquzuncu günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər
yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Mərahim Nəsib

Source link