2020-ci il oktyabrın dördü – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin səkkizinci günü.
Cixisyolu.com xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan
azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Döyüş meydanında ciddi
məğlubiyyətə düçar olan düşmən, ilk günlərdə olduğu kimi, müharibənin
səkkizinci günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc
əhalini və mülki infrastrukturu yenidən hədəf alır. Belə ki, mənfur düşmən
səhər saatlarında Tərtər şəhərinə və Horadiz yaşayış məntəqəsinə raket
zərbələri endirir.
Həmçinin, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ard-arda atəşə tutur.
Nəticədə bir nəfər Gəncə şəhər sakini – mülki şəxs həyatını itirir, 32 nəfər
isə yaralanır. Çox sayda evə və infrastruktura külli miqdarda ziyan dəyir.
Bununla yanaşı, Ermənistan ordusu Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun
Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəlilər yaşayış məntəqələri
intensiv artilleriya atəşinə tutur.
Habelə, Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif
istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır
artilleriyadan atəşə tutması ilə yeməkxanada olan zaman oraya top mərmilərinin
düşməsi nəticəsində Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü Fərid Dilafət
oğlu İsgəndərov dağıntılar altında qalaraq həlak olur, çoxsaylı mülki
infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyir.
Təbii ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə növbəti dəfə atəş
açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirməyə
xidmət edirdi.
Düşmənin terror-təxribat əməlləri cavabsız qalmır. Ermənistan silahlı
qüvvələrinə məxsus zirehli texnikalar, atəş-dəstək və təminat vasitələri məhv
edilir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə özünün “X”
səhifəsində xalqımızın kədərini sevinclə əvəzləyən xəbəri verir. Ölkə başçısı
Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan tam
azad etdiyini açıqlayır. Həmçinin, dövlət başçısı xalqa müraciətində Cəbrayıl
rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal,
Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini
açıqlayır.
Saat 18 radələrində Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də
təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan
bayrağının sancıldığı xəbəri verilir. Cəbrayıl istiqamətində düşmənin xeyli
sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülür.
Lakin mənfur düşmən yenə də müharibəni cəbhə bölgəsindən kənara daşıyaraq,
dinc əhalini və mülki infrastrukturu hədəf almağa başlayır. Belə ki, axşam
saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinə dörd ədəd
“Toçka-U” ortamənzilli ballistik raket buraxır. Bir neçə dəqiqə sonra Müdafiə
Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə
raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələrinin
endirilməsi və yaralıların olduğu barədə məlumat yayır. Mingəçevirə atılan üç
raketdən ikisi partlamır. Üçüncü raketin fərdi yaşayış evinə atılması
nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdirilir, eyni zamanda, evə külli miqdarda ziyan dəyir. Düşmənin
Mingəçevirə raket atmaqda əsas məqsədi isə Mingəçevir Su Anbarını vurmaq olur.
Ermənistan ordusu təxminən bir saat sonra Xızı və Abşeron bölgəsinə iki ədəd
300 km məsafəli ortamənzilli raket atır. Həmçinin, Ermənistan ordusunun ağır
artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində
iki şəhər sakini yaralanır.
Müharibə Ermənistan və erməni lobbisinin informasiya cəbhəsində də məğlub
olması ilə davam edir. Prezidentİlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına
müsahibəsində jurnalistin təxribatçı suallarını dəqiq faktlar əsasında
cavablandırır:
“Azərbaycan müstəqil ölkədir. Azərbaycanın beynəlxalq arenada çox güclü
mövqeyi var. Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat
layihəsi həyata keçirilə bilməz”.
Təbii ki, müharibənin səkkizinci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər
yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib