8f6eee54-b7d5-4537-8752-e3f711ed9de2..jpg

Vətəndaş müharibəsi astanasında olan Ermənistan – FOTO

Baxış sayı: 477 dəfə baxılıb.

Vətəndaş müharibəsi astanasında olan Ermənistan – FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda reallaşdırdığı lokal xarakterli
antiterror tədbirləri zəlzələ effekti yaradıb. İctimai-siyasi vəziyyəti
günü-gündən gərginləşən Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır.

“Kaspi”

qəzetinin mövzu ilə bağlı yazısında deyilir:

Azərbaycanın başlatdığı antiterror tədbirləri uğurla başa çatdıqdan və qarşıya
qoyulan bütün hədəflərə nail olduqdan sonra İrəvan küçələrində xaos başlayıb.
Onsuz da Nikol Paşinyanı devirmək üçün fürsət gözləyən müxalifət küçələrə
axışıb. Etirazçılar küçələri və yolları bağlayır, ruporlar vasitəsilə insanları
mitinqlərə səsləyir, Nikol Paşinyanın istefasını tələb edirlər.

Onların Paşinyandan əsas tələbi isə qondarma Dağlıq Qarabağ rejiminin
müstəqilliyini tanımasıdır. Müxalifət artıq qondarma rejimin tarixə qovuşduğunu
bilir, sadəcə Paşinyana qarşı istifadə edilən sonuncu kartın əldən çıxması
onları narahat edir. “Küçələrdə Ermənistanın, Zəngəzurun, Basarkeçərin və
Qarabağın taleyi həll olunur” tezisi ortaya atılıb.

Qeqamın sınan burnu

Etirazçılar kütləvi aclıq elan etdiklərini bildirərək idmançıları, mədəniyyət
xadimlərini, Katalikos Qaregini də aksiyaya qoşulmağa dəvət ediblər. Elə axşam
saatlarında polislə etirazçılar arasında ilk toqquşma baş verib. Toqquşma
zamanı Hayastan blokunun deputatı Qeqam Manukyan döyülüb. Burnu sınan Manukyan
xəstəxanaya yerləşdirilsə də, videomüraciət yayımlayıb və xalqı küçələrə
səsləyib. “Erməni dövlətçiliyinin” məhv olma təhlükəsi ilə üz-üzə olduğunu
bildirən Qeqam, əslində xalqı vətəndaş müharibəsinə səsləyib.

Manukyan müxalifətin Milli Komitəsini yaradıb

Aksiyalara müxalifətlə yanaşı, keçmiş məmurlar da qoşulub. Ermənistanın
birinci baş naziri olan Vazgen Manukyan müxalifət tərəfindən milli komitənin
yaradıldığını elan edib və kütləvi itaətsizlik hərəkatına başladığını bildirib.
Onun planına əsasən, komitə 11 nəfərdən ibarət olmalıdır. Hazırda 5 nəfərin adı
məlumdur: Manukyan, “Şərəfim var” fraksiyasının lideri Hayk Mamicanyan, “Ana
Ermənistan” partiyasının lideri Andranik Tevanyan, “Hayakve” təşəbbüsünün
təsisçisi Avetik Çalabyan və “Daşnaksütyun” nümayəndəsi İşxan Saqatelyan.

Polislə toqquşma və həbs dalğası

Aksiya iştirakçıları hökumət binasını mühasirəyə aldıqdan sonra Paşinyan qəti
surətdə istefa verməyəcəyini açıqlayıb. Paralel olaraq isə polis aksiya
iştirakçılarına qarşı zorakılıq tədbirlərinə start verdi. Baş nazir gözəl
anlayır ki, aksiya iştirakçılarının əsas məqsədi İrəvan küçələrini qana
boyamaq, bunun günahını hökumətin üzərinə yıxmaq və xalqın gözündə onun qəddar
və qaniçən obrazını yaratmaqdır. Bununla belə, polis zorakılıqdan çəkinmir.
Artıq yüzlərlə aksiya iştirakçısı polis tərəfindən həbs edilib. Onların
arasında keçmiş prezident Robert Köçəryanın oğlu Leon Köçəryan və “Hayastan”
fraksiyasının deputatı Mher Melkonyan da var. Həbs edilənlər konstitusiya
quruluşunu devirmək maddəsi ilə ittiham edilirlər. “Ana Ermənistan”
partiyasının lideri Andranik Tevanyan da polis tərəfindən saxlanılaraq bölməyə
aparılıb. Müxalifət isə tələbələr və idmançılar vasitəsilə İrəvanda kütləvi
iğtişaşlar törətməyi planlaşdırır. Artıq bir sıra ali məktəblər də müxalifətin
çağırışına səs verərək aksiyalara qoşulublar. Onların sırasında Fransa
Ermənistan Universitetinin olması da maraq doğurur.

Belə görünür ki, tərəflərin qəti surətdə kompromisə getmək niyyəti yoxdur.
Artıq müxalifətlə hakimiyyətin ölüm-dirim mübarizəsi başlayıb.

Robert Köçəryan Rusiya kartını işə salır

Bu yaxınlarda İrəvan meriyasına keçirilən seçkilərdə fəallıq nümayiş etdirən
Robert Köçəryanın da İrəvandakı etiraz aksiyalarından istifadə edəcəyi ehtimal
olunur. Elə bu səbəbdən Ermənistanın eks-prezidentinin Rusiya lideri Vladimir
Putinlə telefon danışığı mətbuata sızdırılıb. Ermənistan DTX tərəfindən
paylaşılan səs yazısında Köçəryan vəziyyətdən narahat olduğunu bildirir. Məsələ
ilə bağlı Köçəryan açıqlama verərək səs yazısının köhnə olduğunu qeyd etsə də,
hakim partiyanı razı sala bilməyib. Paşinyan səs yazısını yaydırmaqla, İrəvanda
baş verən etiraz aksiyalarında Rusiyanın əli olduğuna işarə edib. Onsuz da son
dövrlər baş nazirlə Rusiya arasında münasibətlər kifayət qədər sərindir. Xarici
siyasət vektorunu tamamilə Qərbə çevirən Paşinyan Rusiyanın qəzəb oxunu üzərinə
çəkdiyini gözəl anlayır. Bu səbəbdən etiraz aksiyalarının təşkilində Rusiyanı
günahlandıraraq Qərbdən dəstək istəyir.

Kilsə və diaspor müxalifəti dəstəkləyəcəkmi?

Erməni kilsəsinin də prosesə daxil olacağı istisna edilmir. Artıq I Aram və II
Qaregin açıqlama verərək xalqı səfərbər olmağa, Qarabağ ermənilərini qorumağa
və Ermənistan dövlətçiliyini mühafizə etməyə səsləyiblər. Dolayısı ilə kilsə
uzun müddətdir Paşinyanla gərgin olan münasibətlərinə İrəvan küçələrində
aydınlıq gətirmək niyyətindədir. Diaspor isə hələ susur.

Görünür, Paşinyanın Qərbə doğru istiqamət alması diasporun ağalarının işinə
yaradığı üçün sükutu daha üstün tutublar. Hadisələrin gedişatı isə
Ermənistandakı xaosun daha da böyüyəcəyinə işarə edir. Meriya seçkilərində
uğursuzluğa düçar olan müxalifət vəziyyəti vətəndaş müharibəsinə qədər
aparacağına işarə etmişdi. İndi də fürsəti əldən vermək niyyətində
olmadıqlarını göstərirlər…

Source link