499a9b5c-825b-41ae-b650-82273697f480.jpg

Vətəndaşlar dollarla əmanət qoymağa həvəsli olmalıdırlarmı? – “Kaspi”nin ARAŞDIRMASI

Baxış sayı: 172 dəfə baxılıb.

Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsinin azaldığı müşahidə edilir.
Bu kontekstdə bəzi banklar hətta illik 3-4 faiz gəlirlə dollar əmanətləri qəbul
etdiklərini reklam edirlər. Halbuki ölkəmizdə yalnız depozit faizi 2,5-ə qədər
olan dollarla qoyulmuş əmanətlər sığortalanır. Belə bir vəziyyətdə vətəndaşlar
dollarla əmanət qoymağa həvəsli olmalıdırlarmı? Bankların bu addımı necə
qarşılanır?

“Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb.

“Bankların gecikdiklərini deyə bilərik”

Maliyyə və bank məsələləri üzrə mütəxəssis Elman Sadıqovun fikrincə, artıq
dünyada gedişat dəyişdiyi üçün banklar bu addımı çoxdan atmalı idi: “2020-ci
ilə qədər dünyada dolların uçot dərəcəsi 0 faiz ətrafında idi. Həmin müddətdə
xarici valyutada depozit faizlərinin 1-2 faiz olması normal idi. Amma 2020-ci
ildən etibarən neftin qiymətində stabilləşmə baş verdi, dolların dünyada uçot
dərəcəsi artdı, bu, hazırda 5-5,5 faiz ətrafındadır. Əgər dünyada dolların faiz
dərəcəsi beşdirsə, bankların bu göstəricini 2-4 faiz ətrafında təyin etməsi
normaldır. Hətta gecikdiklərini deyə bilərik. Dünya banklarında depozit
faizləri 6-7 idi. Bundan istifadə edərək əhalidən yığdığımız valyutanı daha da
artıra bilərdik. Həmin məbləği də dünya bazarlarında dəyərləndirərdik”.

Devalvasiya dövrü üçün uyğun idi

Ekspertin sözlərinə görə, devalvasiya zamanı bankların üzləşdiyi çətinliklər
depozit faizlərinin azaldılmasına səbəb oldu: “2015-ci ildəki devalvasiyadan
sonra vəsait yerləşdirilməsi daha çox manatla baş verirdi. Dollarla istehlak
kreditinə müəyyən limitlər tətbiq edildi. Banklar dollarla kredit vermək və
vəsaitlərini yerləşdirməkdə çətinlik çəkdikləri üçün dollar depozitlərinin faiz
dərəcələrini çox aşağı saldılar. Hətta 1-2 faizə qədər düşdü. Çünki dollarla
götürdükləri vəsait onların zərərinə işləyirdi. Əmanətlərin Sığortalanması
Fondu da dollarla olan əmanətlərin yalnız depozit faizi 2,5-ə qədər olanlarını
sığortalamaq haqqında qərar qəbul etmişdi. Həmin zaman dollar depozitləri 1-2
faiz olduğu üçün, bu qərar o dövrə uyğun idi”.

“Hər bir valyuta üzrə limit var”

Müsahibimiz bildirib ki, bankların faiz dərəcəsinin artırılması heç də qoyulan
depozitlərin dollarla kredit verilməsinə yönləndirilməsi demək deyil: “Banklar
arxayındır ki, kurs sabitdir. Əhalidən dollarla əmanəti cəlb edir, devalvasiya
riskini öz üzərinə götürür, vəsaitlərin bir hissəsini manatla yerləşdirir. Amma
bu, bir az risklidir. Əgər devalvasiya olarsa, bu zaman banklarda müəyyən
itkilər formalaşa bilər. Çünki dollarla aldığınız vəsaiti daha çox manatla
verirsinizsə, bu, ziyandır. Ona görə banklarda valyuta mövqeyi adlanan
mexanizm, hər bir valyuta üzrə limit var. Valyuta mövqelərini sığortalayırlar,
özlərini böyük risklərə salmırlar. Faiz dərəcələrinin artması manata olan
inamla, vəsaitdən istifadə etmək imkanlarının artması ilə bağlıdır. Banklar
faiz dərəcəsini artırırlarsa, elə başa düşülür ki, onlarda likvidlik problemi
var, pula ehtiyac mövcuddur. Amma 3-4 faiz elə də yüksək məbləğ deyil. 7-8
faizlə dollar depoziti cəlb etsəydilər, bu zaman narahatlıq doğurardı. O zaman
likvidlik problemi gündəmə gələrdi. Banklar sadəcə vəsaitləri yerləşdirmək
imkanlarını artırıblar. Daha çox qazanmaq imkanları var”.

Sığortalanan dollar əmanətlərinin faizinə yenidən baxılmalıdır

Müsahibimiz cəlb olunan əmanətlərin iqtisadiyyatımız üçün faydalarından da
danışıb: “Əmanətlərin Sığortalanması Fondu dollarla qoyulan əmanətlər üçün
sığorta faizini qaldırmalıdır. Sığortalanma həddinin 4-4,5 faiz civarında
müəyyənləşdirilməsi məqsədəuyğundur. Bu halda banklar da, əhali də risklərlə
üzləşməz. Nəticədə isə daha çox vəsait bank sisteminə daxil olar. Faiz
dərəcələrinin artırılması banka dollar cəlbi ilə nəticələnir, bu da
iqtisadiyyatımız üçün faydalıdır. İqtisadiyyatdan kənarda qalan vəsaitlərin
bank sisteminə daxil olması, iqtisadiyyata qazandırılması, kreditə və ya digər
layihələrə yönəldilməsi vacibdir. Nə qədər çox depozit cəlb olunarsa, bank
sistemimiz o qədər böyüyər, daha çox diversifikasiya yaranar. Bu zaman bankın
üzləşə biləcəyi risklərin dərəcəsi də aşağı olur”.

Daşınmaz əmlak almağı üstün tuturlar

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc
depozitlərin azalmasını risklərlə əlaqələndirir: “Bankların gəliri depozitlər
hesabına formalaşır. Onların dayanıqlı olması üçün depozit portfeli geniş
olmalıdır. Bu portfeli geniş tutmaq üçün banklar daha uyğun təkliflərlə çıxış
edirlər. Depozit faizlərinin yüksək olması insanlar üçün cəlbedici görünür.
Amma vətəndaşlar vəsaitlərini banka yatırmaq əvəzinə daşınmaz əmlak almağı daha
üstün tuturlar. Çünki burada risklər azdır. Banklara depozit qoyulması o halda
cəlbedici olardı ki, məbləğindən və faizindən asılı olmayaraq sığortalansın.
Həmçinin 10 faizlik vergi amili əhalini bu yatırım növündən çəkindirir”.

Source link