7974c919-2d72-400f-a352-5de2054db47c..jpg

Vətəndaşlar sevinir, sahibkarlar isə çətin durumda – “Kaspi”nin ARAŞDIRMASI

Baxış sayı: 423 dəfə baxılıb.

Vətəndaşlar sevinir, sahibkarlar isə çətin durumda – “Kaspi”nin ARAŞDIRMASI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda elektron ticarətin həcmi hər keçən gün artır. Bu, yerli
sahibkarları, mağaza sahiblərini çətin durumda qoyur. Ekspertlər hesab edirlər
ki, sahibkarlar rəqabətdə uduzmamaq üçün bizneslərini yeni tendensiyaya
uyğunlaşdırmalıdırlar.

Mövzuyla bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

“Trendyol” bu günlərdə Azərbaycandan 1,3 milyon istifadəçisinin olması ilə
bağlı açıqlama verdi. Bu, Azərbaycanda elektron ticarətin formalaşmasını
göstərən mühüm rəqəmdir. Lakin bu inkişaf da zərərsiz ötüşmür. Alıcılar
xoşbəxtdir, çünki vətəndaşlar ay ərzində 300 dollar limiti keçməməklə ucuz
qiymətə məhsullar alır, sahibkarların əksəriyyəti isə işçiyə necə maaş verəcəyi
barədə düşünür. Yəni bir tərəf ziyan çəkir, hətta mağazalar bağlanır, digər
tərəf inkişaf edir. Onlayn ticarətin inkişafı Azərbaycanda pərakəndə satışla
məşğul olan sahibkara ciddi problemlər yaradıb. Bəs onlayn ticarətin geniş
vüsət almasının müsbət və mənfi tərəfləri nədir?

Yerli sahibkarlar rəqabətə davam gətirmək üçün nə etməlidirlər?

Rəqabətdə uduzmamaq üçün…

Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki,
sahibkarlar işlərini yeni çağırışlara uyğun qurmalıdırlar: “Elektron ticarət və
onlayn satış xidmətlərinin göstərilməsi bütün dünyada qlobal tendensiyadır. Tək
Azərbaycanda deyil, əksər ölkələrdə bu vəziyyət müşahidə edilir. Sahibkarların
bu çağırışlara hazır olması vacibdir. Şəxsi istehlak üçün rüsum ödəmədən
xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin iki dəfə azaldılacağı ilə
bağlı məlumatlar yayılır. Mən bu fikirlərlə razı deyiləm. Sahibkarların
rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması
hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və rəqabətə hazır olmaq yolu ilə
gücləndirilməlidir. Yəni rəqabətdə uduzmamaq üçün öz bizneslərini hazırkı
tendensiyaya uyğunlaşdırmalıdırlar”.

Sahibkarlar onlayn satışlara üstünlük verməlidirlər

Millət vəkili düşünür ki, hazırda sahibkar tərəfindən satışların əhəmiyyətli
hissəsinin onlayn və stoklar vasitəsilə həyata keçirilməsi məqsədəuyğundur:

“Eyni zamanda, istehsalla məşğul olan şirkətlərin onlayn satış şəbəkələri ilə
birbaşa əlaqələrinin yaradılması və əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.
Ümumiyyətlə, qlobal trend göstərir ki, növbəti illərdə də onlayn satışlar və
elektron ticarətin dövriyyəsində artımlar olacaq. Sahibkarlar bütövlükdə
xərclərin minimallaşdırılması hesabına rentabelliyi artırmalı, mənfəətin
yüksəldilməsinə nail olmalı və bu çağırışlara uyğunlaşmağa çalışmalıdırlar”.

İş yerləri azalır, işsizlər artır

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) İdarə Heyətinin
üzvü, sahibkar Elxan Mərdanlı ölkədə onlayn ticarətin inkişaf etməsi fikri ilə
razı deyil:

“Azərbaycanda onlayn ticarətin inkişaf etməsi kimi ifadələr gündəmdədir, amma
yanlışdır. Çünki ölkə hüdudları çərçivəsində fəaliyyət göstərən onlayn
mağazalar ölkə xaricinə demək olar ki, məhsul göndərmirlər. Azərbaycan
vətəndaşı ölkədə olan və ehtiyacını qarşılamağa qadir məhsulları digər
ölkələrin onlayn ticarət platformalarından ucuz taparaq, alış-veriş edir.
Nəticədə yerli sahibkarlar satış olmadığı üçün müştəri itirir, əməkhaqqı verə
bilmirlər. İş yerləri azalır, işsizlər artır”.

Təbii ki, alıcılar məhsulu ucuz qiymətə tapdıqları üçün onlayn ticarətə
üstünlük verirlər. Həmçinin onlar Azərbaycanda eyni məhsulun baha olmasından
şikayətlənirlər.

Azərbaycanda geyimlər niyə bahadır?

Elxan Mərdanlı deyir ki, bunun səbəbi mövcud qanunvericilikdəki boşluqlardır.
Mütəxəssisin sözlərinə görə, əgər qanunvericilik sahibkaryönümlü olsa idi, eyni
mallar Azərbaycanda da münasib qiymətə satılacaqdı:

“Bizdə sahibkar ölkəyə məhsul idxal edən zaman 15 faiz gömrük rüsumu ödəyir.
Bununla yanaşı, sahibkardan öncədən əlavə dəyər vergisi (ƏDV) alınır. Dövlət
özünü qanunvericiliyin verdiyi imkan daxilində qısa müddətdə sığortalayır ki,
sahibkar məhsulu gətirər satar, amma ƏDV-ni ödəməz. Sahibkardan ƏDV-si öncədən
alınır. Bu, sahibkarı qorumaq deyil. Əslində sahibkarın qorunması lazımdır ki,
yekunda mənfəət vergisi ödəyə bilsin. Bununla yanaşı, elektron xidmət haqqı,
gömrük yığımı var. Qanunvericilikdə ikiqat xidmət haqqı deyilən bir nüans da
var. Əlavə olaraq, sahibkar məhsul idxal edən zaman bəyannamənin pulunu bir az
gec ödəsə, o zaman dəbbə pulu ödəməyə məcbur qalır. Ümumi hesabladıqda,
təxminən 42 faizə qədər gömrük rüsumu yaranır. Əgər 34 min manatlıq məhsul
idxal edəcəksənsə, üzərinə 14 min manatlıq digər xərcləri gələndə 48 min manat
pul edir. Yol pulunu da nəzərə aldıqda 50 minə yaxın xərcdir. Yəni Türkiyədə
mayası 34 min manata olan bir məhsul Azərbaycanda 50 min manata başa gəlir.
Türkiyədəki sahibkar 34 minin üzərindən, Azərbaycandakı isə 50 min üzərindən
satış qiyməti hesablayır. Qiymətin baha olmasının səbəbi budur”.

Sahibkar vurğulayır ki, ölkədə icarə qiymətlərinin yüksək olması da
bahalaşmanın əsas səbəblərindəndir:

“Ticarət mərkəzlərində icarə haqları 15-22 min manatdan başlayır. Sahibkar
baha satmalıdır ki, icarəsini ödəyə bilsin. Sahibkar ayın ilk 10 gününü icarə,
növbəti 10 gündə əməkhaqqı üçün işləyir. Ayın sonuna da çalışır ki, mayasını
çıxarsın, növbəti ayda mal alıb sata bilsin”.

Güzəştlərin edilməsi vacibdir

Məsələnin həll yoluna gəldikdə isə iş adamı düşünür ki, problemin qarşısını
almaq üçün qanunvericilik sahibkara güzəştlər etməlidir:

“Sahibkar məsələni yumşaltmaq üçün hansısa nüansdan yararlana bilmir.
Mağazaların bağlanması tendensiyası artır. Bunun qarşısını almağın yeganə yolu
nəyisə qadağan etmək, yaxud limiti azaltmaq deyil. Çıxış yolu yerli
sahibkarların rəqabət qabiliyyətlərini gücləndirmək, bunun üçün onlara müəyyən
güzəştlər etməkdir”.

Source link