Bakı Apellyasiya Məhkəməsində Nuriyyə Ağayevanın (1955-ci il təv.) CM-nin 178.2.1 (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ittihama aktına əsasən, Nuriyyə Ağayeva dörd nəfərə qarşı dələduzluq edib.
O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib. Belə ki, qadın zərərçəkmiş Rövşən Həsənovdan dörd min manat pul alaraq, onun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyini vəd verib, lakin sonra sözünə əməl etməyib.
Bundan başqa, təqsirləndirilən qadın Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə yeddi min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə üç min manat pul alıb.
Məlum olub ki, qadın filologiya elmləri namizədi, “Əməkdar müəllim”dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Ağayeva 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onun şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.