c6e0a672-8455-441a-87e6-8c8c234abbbc..jpg

Vətəndaşların 80 faizindən çoxu ölkənin iqtisadi vəziyyətini yaxşı və orta qiymətləndirib – SORĞU

Baxış sayı: 924 dəfə baxılıb.

Vətəndaşların 80 faizindən çoxu ölkənin iqtisadi vəziyyətini yaxşı və orta
qiymətləndirib – SORĞU

Sosial Tədqiqatlar Mərkəzi cari ilin əvvəlindən etibarən keçirilən aylıq
sorğular əsasında vətəndaşların özünün, eləcə də ölkənin iqtisadi vəziyyəti
barədə rəylərini öyrənib, həmçinin yaxın gələcəklə bağlı iqtisadi proqnozlarını
dəyərləndirib.

Sosial Tədqiqatlar Mərkəzindən verilən xəbərə görə, sorğular cari il üzrə hər
ayın 25-28-ci təqvim günləri ərzində icra olunub.

Sorğuda 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və
anonimlik prinsipləri qorunub. Sorğular telefonla müsahibə formasında keçirilib
və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından
sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon
nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib.

Cari ilin yanvar və fevral ayları üzrə keçirilən rəy sorğularında insanların
iqtisadi vəziyyətlərini subyektiv dəyərləndirməsi istənilib. Fevral ayı üzrə
sorğunun nəticələrinə əsasən, iştirakçıların 12,5%-i iqtisadi vəziyyətini
“yaxşı”, 58,9%-i “orta”, 28,4%-i “pis” kimi xarakterizə edib. Ölkənin iqtisadi
vəziyyətinə münasibətdə iştirakçıların 33,9%-i “yaxşı,” 46,9%-i “orta”, 15,6%-i
“pis” cavabını qeyd edib. Onların 3,6%-i cavab verməkdə çətinlik çəkib.

Başqa sözlə, nəticələr insanların əsas hissəsinin fərdi iqtisadi durumlarını
“orta” səviyyədə dəyərləndirdiyi halda, ümumilikdə ölkənin iqtisadi vəziyyəti
ilə bağlı, əsasən, “yaxşı” və “orta” mövqeyində olduğunu göstərir.

Sorğunun nəticələrinə əsasən, insanların əksəriyyəti yaxın gələcəkdə özlərinin
və ölkənin iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyi mövqeyindədir.

İştirakçıların 57,3%-i yaxın gələcəkdə iqtisadi vəziyyətinin müsbətə doğru
dəyişəcəyini, 13,5%-i dəyişməyəcəyini, 13,8%-i mənfiyə doğru dəyişəcəyini güman
edir. Onların 15,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Ölkənin iqtisadi vəziyyətinə gəlincə, iştirakçıların 69,5%-i müsbətə doğru
dəyişəcəyini, 9,6%-i dəyişməyəcəyini, 8,9%-i mənfiyə doğru dəyişəcəyini
proqnozlaşdırır. İştirakçıların 12%-i cavab verməkdə çətinlik çəkib.

Nəticələrin əvvəlki ay (yanvar) ilə müqayisəsi insanların özlərinin və ölkənin
iqtisadi vəziyyətini dəyərləndirmələrində statistik əhəmiyyətli olmayan nisbi
fərqləri göstərib. Özlərinin və ölkənin yaxın gələcəkdəki iqtisadi vəziyyəti
barədə proqnozlarda isə fikir bildirməkdə çətinlik çəkənlərin sayında artım
qeydə alınıb.

Nəticələr kişilərin qadınlarla müqayisədə həm özlərinin, həm ölkənin cari
iqtisadi vəziyyəti ilə bağlı müsbət mövqedə olduğunu göstərir. Belə ki, kişi
iştirakçıların 15%-i, qadın iştirakçıların 10%-i iqtisadi vəziyyətlərini
“yaxşı” qiymətləndirdiyi halda, ölkənin iqtisadi vəziyyəti ilə bağlı onların
analoji mövqeləri 44% və 24% təşkil edib. Qadınların əksəriyyəti ölkənin
iqtisadi vəziyyətini “orta” səviyyədə qiymətləndirərkən, kişilərin əsas hissəsi
ümumi iqtisadi vəziyyətin “yaxşı” olduğu mövqeyindədir.

Hər iki ay üzrə nəticələrə əsasən, orta yaş qrupunda olanların mövqeyində
aşağı və yuxarı yaş qrupları ilə müqayisədə özlərinin, eləcə də ümumilikdə
ölkənin iqtisadi vəziyyəti ilə bağlı nisbətən mənfi tendensiya müşahidə edilib.
Bənzər təsbit özünün və ölkənin yaxın gələcəkdəki iqtisadi vəziyyəti ilə bağlı
proqnozlar üçün də keçərlidir.

Nəticələrə əsasən, iştirakçıların öz iqtisadi vəziyyətlərini
dəyərləndirməsində onların təhsil səviyyələrinə görə fərq qeydə alınarkən,
ölkənin iqtisadi vəziyyəti ilə bağlı təqribən eyni mövqedə olduqları görünür.
Ali təhsilə malik iştirakçılar orta təhsillilər ilə müqayisədə iqtisadi
vəziyyətlərini müsbət dəyərləndiriblər.

İştirakçıların təhsil səviyyələrindən asılı olmayaraq, onların əksəriyyəti
özlərinin və ölkənin iqtisadi vəziyyətinin yaxın gələcəkdə müsbətə doğru
dəyişəcəyi mövqeyini bölüşüb.

İşləyən əhali qrupunun əksər hissəsi hazırkı iqtisadi vəziyyətini “orta”
səviyyədə dəyərləndirib. Həmçinin dövlət sektorunda çalışanların 18%-i,
qeyri-dövlət sektorunda çalışanların 11%-i iqtisadi vəziyyətini “yaxşı” kimi
qiymətləndirib. Analoji mövqe ölkənin iqtisadi vəziyyəti ilə bağlı 40% və 32%
təşkil edib. İşsiz olduğunu bildirənlər arasında öz iqtisadi vəziyyətini
“yaxşı” olaraq dəyərləndirənlər cəmi 3% təşkil edərkən, ölkənin iqtisadi
vəziyyətinə münasibətdə bu göstərici 33%-ə bərabər olub.

Nəticələrə əsasən, məşğulluq vəziyyəti üzrə bütün qrupların əksəriyyəti
özlərinin, eləcə də ölkənin iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyi
mövqeyindədir.

Nəticələr iştirakçıların gəlir qruplarından asılı olmayaraq, əksəriyyətinin
iqtisadi durumlarını “orta” səviyyədə dəyərləndirdiyini göstərir. Orta aylıq
gəliri minimum əməkhaqqına bərabər olanların 10%-i, 601-900 manat intervalında
olanların 20%-i, 1 200 manatdan yuxarı olanların 22%-i iqtisadi vəziyyətini
“yaxşı” olaraq dəyərləndirib. Həmçinin aşağı gəlir qrupunda olanların 28%-i,
gəlirləri 601-900 manat intervalında olanların 9%-i iqtisadi vəziyyətini “pis”
kimi qiymətləndirib. Orta aylıq gəliri 1 200 manatdan yuxarı olanlar arasında
iqtisadi vəziyyətini “pis” kimi xarakterizə edən olmayıb.

Aşağı gəlir qrupunda olanların 58%-i, orta aylıq gəliri 601-900 manat
intervalında olanların 64%-i, 1 200 manatdan yuxarı gəlirə malik olanların
78%-i yaxın gələcəkdə öz iqtisadi durumlarının müsbətə doğru dəyişəcəyini
proqnozlaşdırır.

Kənd ərazi vahidlərində yaşayanlar arasında özünün, eləcə də ölkənin iqtisadi
vəziyyətini müsbət qiymətləndirənlər şəhərdə məskunlaşanlarla müqayisədə
üstünlük təşkil edir. Kəndlərdə yaşayan iştirakçıların 44%-i, qəsəbələrdə
məskunlaşanların 34%-i, şəhərdə yaşayanların 31%-i ölkənin iqtisadi vəziyyətini
“yaxşı” olaraq dəyərləndirib.

Özünün, eləcə də ölkənin gələcək iqtisadi vəziyyəti ilə bağlı yaşayış
məntəqəsinin növü üzrə fərq qeydə alınmadan, iştirakçıların əksəriyyəti müsbətə
doğru dəyişəcəyi mövqeyini bölüşüb.

Nəticələrin təhlilinə əsasən, özünün iqtisadi durumunu “yaxşı” olaraq
dəyərləndirənlərin 70%-i ölkənin iqtisadi vəziyyətini də “yaxşı” kimi
xarakterizə edib. Onların 79%-i həm özünün, həm də ölkənin iqtisadi
vəziyyətinin yaxın gələcəkdə müsbətə doğru dəyişəcəyi mövqeyindədir.

Özünün iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirən hər üç nəfərdən biri
ölkənin iqtisadi vəziyyətini də “pis” olaraq dəyərləndirib. Bu mövqedə
olanların 21%-i özünün, 11%-i ölkənin iqtisadi vəziyyətinin yaxın gələcəkdə
mənfiyə doğru dəyişəcəyini güman etdiyini bildirib.

Source link