Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir –
“Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il
ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici
hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər.
Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bir il
ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-nə milli valyuta
ekvivalentində 12 milyon 524 min 9 manat təşkil edib. Əmanətlərin 65,8 faizi
milli, 34,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin
məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb. Bu, insanların
banklara olan inamının artdığını göstərir. Bəs artan inamın əsasında hansı
səbəblər dayanır?
Yeni qaydalar nəticəsini verir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın
Hüseynov “Kaspi”
qəzetinə açıqlamasında deyib ki, bu gedişlə əmanətlərin həcminin daha da
artacağı gözlənilir:
“Mərkəzi Bank tərəfindən yürüdülən siyasət, banklara depozit cəlbetmə
imkanlarının yaxşılaşdırılması, eləcə də 2024-cü il yanvarın 1-dən etibarən
vətəndaşların banklardakı əmanətlərinin faizlərinin gəlir vergisindən azad
olunması bank depozitlərinin həcminin artmasına səbəb olub. Yeni qaydalara
əsasən, əhalinin milli valyutada olan əmanətlərinin aylıq 200 manat məbləğində
olan hissəsi gəlir vergisindən azad olunur. Vətəndaş banka 10 faizlə 24 min
manat depozit yerləşdirdikdə, onun aylıq gəliri 200 manat təşkil edəcək və bu
vəsaitdən vergi tutulmayacaq. Yaxud banka 8 faizlə 30 min manat əmanət qoyan
şəxs illik 2400, aylıq 200 manat gəlir əldə etdiyindən, ondan da vergi
tutulmayacaq. Vergi həmin məbləğdən sonrakı hissədən tutulacaq. Bu isə banklara
yatırılan əmanətlərin artımına əlavə stimul verəcək. Hazırda əhalinin
banklardakı əmanətlərinin həcmi 13 milyard manata yaxındır, ilin sonuna bu
rəqəmin yenidən artması gözlənilir”.
Bank Məcəlləsi qəbul edilməlidir
A.Hüseynov bildirib ki, bank depozitlərinin həcminin artması banklar üçün daha
çox kredit vermə imkanlarını da stimullaşdırır: “Ona görə də bank sektorunda
rəqabətin güclənməsinə, xüsusən də konservativ siyasətdən mərhələli şəkildə
daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Bir sıra xarici
bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə
gətirib çıxara bilər. Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit
faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. Hazırda
Mərkəzi Bank da bu istiqamətdə çalışır. Maliyyə bazarlarına nəzarət sahəsində
ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Tək
Mərkəzi Bankın fəaliyyəti azdır, həm də qanunvericilik bazası
möhkəmləndirilməli, Bank Məcəlləsi qəbul edilməlidir”.
İnsanlar bilir ki, pulunu itirməyəcəklər
Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədlinin sözlərinə görə,
əmanətlərin sığortalanması insanların banklara olan inamını daha da artırıb:
“Əmanətlərin artmasına səbəb ilk növbədə sığorta mexanizminin normal şəkildə
işləməsidir. Əmanətlərin Sığortalanması Fondu milli valyutada maksimum 12 faiz,
dollar və avroda 2,5 faiz hədd müəyyənləşdirib. Bir nəfər üçün 100 min manat
sığorta məbləği mövcuddur. Əmanətlərin Sığortalanması Fondunun iş mexanizmi onu
göstərir ki, hansısa bir bank bağlansa da, qaydalara uyğun şəkildə əmanətlər
vaxtında qaytarılır. Sığorta mexanizmi normal şəkildə işlədiyinə görə insanlar
bilirlər ki, əmanət itirilməyəcək və qorunur. Gəlirlilik dərəcəsi də kifayət
qədər normaldır. Milli valyutada 12 faiz gəlir əldə etmək mümkündür”.
Sığorta limitinin məbləği artırılsın
X.Məmmədlinin fikrincə, müəyyən addımlar atılsa, hər şey banklar üçün daha da
yaxşılaşar: “Gələcəkdə əmanətlərin məbləği daha da arta bilər. Əvvəl fiziki
şəxslərin qorunan əmanətlərində limit yox idi. Sonradan 100 min manat limit
müəyyənləşdirildi. Əgər Mərkəzi Bank istəsə ki, kommersiya banklarında
əmanətlərin məbləği daha da artsın, 100 min manatlıq limiti ya artıra, ya da
ləğv edə bilər. Bu zaman banklara daha çox vəsait cəlb olunar. Amma hüquqi və
sahibkar fiziki şəxslərin banklardakı vəsaitləri sığortalanmır. Onlar üçün də
sığorta mexanizmi yaradılsa, bu da əmanətlərin məbləğinin artırılmasına dəstək
olar”.
Bəzi banklar var ki…
İqtisadçı Fuad İbrahimov dedi ki, xarici valyutada faizlərin artırılması da
insanları stimullaşdırır: “Əmanətlərin həcminin artmasındakı ilk göstərici
depozit faizlərinin artmasıdır. Bu, böyük rol oynayır. Bununla yanaşı,
vəsaitlərin sığortalanmış hissəsinin kifayət qədər yüksək olması da təsir
göstərir. Bəzi banklar var ki, xarici valyutada depozit faizlərini artırılmış
şəkildə təklif edirlər. Bu da vətəndaşlar tərəfindən müsbət qəbul olunur”.
Bu vergi ləğv edilsin
F.İbrahimov qeyd etdi ki, əmanətlərin daha da artması üçün sabitliyi qorumaq
lazımdır: “Depozitlərə tətbiq edilən gəlir vergisi yumşalıb. Amma yaxşı olardı
ki, bu vergi ümumiyyətlə ləğv edilsin. Çünki pul kütləsinin rəsmi dövriyyəyə
cəlb olunması istiqamətində maneə törədən əmsaldır. Vergi aradan qaldırılsa,
bu, prosesi daha da stimullaşdıracaq”.