Vətəndaşların DİQQƏTİNƏ: Yanvarın 1-dən qüvvəyə minən qanunlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda Yeni ilin ilk günündən etibarən qüvvəyə minməsi nəzərdə tutulan
qanun layihələrinin və mövcud qanunlara dəyişikliklərin bir çoxu artıq
təsdiqlənib.
Cixisyolu.com xəbər verir ki, sözügedən qanunların bəziləri 2024-cü ilin təsdiqlənən
dövlət büdcəsi ilə əlaqədardır.
Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il
üçünehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.
2023-cü ildə isə bu məbləğ ölkə üzrə 246 manat idi.
2023-cü ildə təsdiqlənən və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi
gözlənilən yeniliklərdən biri dəyaşı 10 ildən çox olan avtomobillərin ölkəyə
buraxılmamasıdır. Cari ildə geniş müzakirələrə səbəb olan qərara əsasən,
yanvarın 1-dən başlayaraq istehsal ili 2013-cü ilə qədər olan avtomobillərin
ölkəyə idxalı qadağandır.
2024-cü ildən nəqliyyat sahəsində tətbiq ediləcək dəyişikliklərdən biri də
sərnişindaşıma fəaliyyətinə tələblərin sərtləşdirilməsidir. Belə ki, “Avtomobil
nəqliyyatı haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə
görə, qanuna taksometr, analoq taxoqraf, rəqəmsal taxoqraf, rəqəmsal taxoqraf
kartı, sürücünün taxoqraf kartı, operatorun taxoqraf kartı, emalatxana taxoqraf
kartı, nəzarətçi taxoqraf kartı, formulyar, taksi sifarişi operatoru, buraxılış
vəsiqəsi, buraxılış kartı kimi yeni anlayışlar əlavə edilib.
Yanvarın 1-dən ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə
sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və
ölkədaxili yük daşımaları aid edilib.
Qanunun tələblərinə riayət etməyən fiziki, vəzifəli və hüquqi şəxslər
barəsində İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilib. Bütün bunlar
2024-cü ilin ilk günündən artıq qüvvədə olacaq.
İlin ilk günündən Azərbaycanda hərbçilərin pensiya yaşı da dəyişir.
Dəyişikliyə əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf
edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə
etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə
tələbi 20 təqvim ilindən 25 təqvim ilinə qaldırılır.
Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı
azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya
təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin
artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizi də 50-dən 65-ə
qaldırılacaq. Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət
müddətini tamamlamasına ən çoxu üç təqvim ili qalmış hərbi qulluqçulara, habelə
qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət
etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək
hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Qanunun
2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar
hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan
verəcək.
“Sosial sığorta haqqında” Qanuna da dəyişiklik edilib. Dəyişikliyə əsasən,
sığortaolunanın seçim hüququ cari il ərzində yarandıqda məcburi dövlət sosial
sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim
hüququnun yarandığı gündən etibarən həyata keçirilir. Sığortaolunan seçim
hüququnu itirdikdə isə məcburi dövlət sosial sığorta haqqının bu maddənin
birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun itirildiyi gündən
etibarən dayandırılır.
Yeni hazırlanmış “Dövlət satınalmaları haqqında” Qanun isə 2023-cü ilin iyulun
14-də imzalansa da, yeni ilin ilk günü tətbiq olunacaq. Bu müddət ərzində iki
əsas məqama diqqət yetirilib. Birinci məsələ kimi qanunamüvafiq olaraq normativ
aktların hazırlanması vacib idi. Burada söhbət 20 ədəd normativ aktın qəbul
edilməsindən gedir. İkinci məsələ isə bu müddət ərzində bazarın qanunun
tətbiqinə hazırlanması idi. Bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin
satınalmalar üzrə prinsipləri durur.
Yeni qanuna əsasən, Azərbaycan Respublikasında dövlət satınalmalarının
iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edən yeni
qanunda satınalmanın yalnız vahid internet portal (bundan sonra – portal)
vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların
portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu
satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi
nəzərdə tutulub.
Qanunda, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma
komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların
uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair
hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o
cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.
Həmin qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir və qanun qüvvəyə mindiyi
gündən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr
2001-ci il tarixli Qanunu ləğv edilir.
“Elektroenergetika haqqında” Qanuna isə yeni maddə əlavə edilib. Belə ki,
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin
belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində
məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına
həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş
və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması
qadağandır.
Aysel Aslan