77672278-0edb-47d0-84bd-841f5a8fd862..jpg

Vətəndaşların NƏZƏRİNƏ: Bu gündən xaricdən gətirdiyiniz mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək – FOTO

Baxış sayı: 676 dəfə baxılıb.

Vətəndaşların NƏZƏRİNƏ: Bu gündən xaricdən gətirdiyiniz mobil telefonlara
gömrük rüsumu tətbiq ediləcək – FOTO

Bu gündən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil
telefonlara gömrük rüsumu tətbiq ediləcək.

Cixisyolu.com-ın məlumatına görə, telefonu gətirən şəxslər onun dəyərinin 36 faizi
həcmində rüsum ödəməli və malları gömrükdə bəyan etməli olacaqlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305
nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən
keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin
9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt
göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə
avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya
elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.

Ancaq indiyə kimi praktikada bu normaya əməl edilməyib. İndi bəyannaməsiz
telefonların gətirilməsinin qarşısı ciddi şəkildə alınacaq. Belə ki, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cari ilin
fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi
istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil
telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat
mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin
www.customs.gov.az internet səhifəsindən məlumat ala
bilərsiniz. Mobil cihazın bəyan edilməsi üçün aşağıdakı keçiddən istifadə edə
bilərsiniz:https://e.customs.gov.az/for-individuals/passenger-declaration
.

Artıq bununla bağlı Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin rəsmi saytlarında da müvafiq bildirişlər göstərilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Cixisyolu.com
-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın gətirdiyi telefonun dəyəri
800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən
mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir:

“Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə
dəyəri 1000 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə
qalan 200 dollardan ödənilir”.

Gömrük sərhədindən keçən mobil telefonun bəyan edilməməsi inzibati məsuliyyət
yaradır.

Qeyd edək ki, IMEI (“International Mobile Equipment Identity” – beynəlxalq
mobil avadanlıq identifikatoru) qeydiyyatı üçün telefonun qiymətindən asılı
olaraq 20-150 dollar ödəmək lazımdır.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə
əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil
telefonun IMEI nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcəklər.

Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən,
Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun
IMEI nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə fiziki
şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər isə 3
000-4 000 manat məbləğdə cərimə ediləcəklər.

Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600-800
manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 9 000-12 000
manat cərimə ödəyəcəklər.

İlhamə Əbülfət

Source link