Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı
əsəbiləşdirirlər” – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə
prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı
yayılan xəbərlərə aydınlıq gətirib.
Məsələ ilə bağlı şərq.az-a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə
ərizə yazaraq tutduğu vəzifədən azad edilməsini xahiş edib:
“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum
vəzifədən azad etsinlər. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu
qərarı vermişəm. Təqaüddə olmalı adamam. Üç-dörd il orada işlədim. İndi
istəyirəm istirahət edim. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə
qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla ərizə yazmışam.
Fikirləşdim ki, artıq bəsdir”.
Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən üç-dörd həftə əvvəl uzaqlaşıb:
“Bu, çoxdan olub, niyə indi xəbər yayılır. Zənglərdən yorulmuşam, o qədər zəng
olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbiləşdirirlər”.
15:15
Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin
(ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq
üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.
ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı təsdiqləyib. O bildirib ki, hələ
sözügedən vəzifəyə yeni təyinat olmayıb.
Qeyd edək ki, Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə
müdiri çalışıb. O, müstəqillik dövründə Azərbaycanın 10-cu baş naziri olub.
Həmçinin, 2019-cu ildən ADU-nun prorektoru idi.