c0fe6452-5284-4320-af04-5f9f507e8f68..jpg

Vacib kitabın nəşri niyə gecikir? – “Düşünməlidirlər ki, lüğəti hazırlamağa mənəvi haqları çatır, yoxsa yox”

Baxış sayı: 701 dəfə baxılıb.

Vacib kitabın nəşri niyə gecikir? – “Düşünməlidirlər ki, lüğəti hazırlamağa
mənəvi haqları çatır, yoxsa yox”

“Azərbaycan dilinin bazası yaradılır. Ona görə “Orfoqrafiya lüğəti”nin
təqdimatı bu ilin sonuna çatmaya bilər”.

Bu barədə Cixisyolu.com-a AMEA Nəsimi adına Dilçilik İnstitutunun Toponimika
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoruElçin İsmayılov deyib. O
xatırladıb ki, plana əsasən, “Orfoqrafiya lüğəti” beş ildən bir yenilənməlidir:

“Amma hər dəfə nöqsanlar ortaya çıxır. Lüğətin bir neçə şəxs tərəfindən
hazırlanması aktuallığını itirməsinə səbəb olur. Dilin xüsusi bazası, korpusu
yaranmalıdır. Bütün sözlərin işlənmə tezliyi toplanır. Tələblərə cavab verən
söz lüğətə salınır, az işlənən sözlər isə salınmır. Dilin bazasının yaradılması
institutun iki şöbəsinə həvalə olunub, hazırda gərgin iş gedir. Əvvəlki qaydada
olsaydı, lüğət çoxdan hazır idi. Amma dilin korpusunun yaradılması ilk dəfə
olduğundan çətin və uzun prosesdir. Mən də daxil olmaqla dilçilərin əksəriyyəti
bildirmişik ki, dilin korpusunu yaratmamış, lüğət hazırlamağa ehtiyac yoxdur.
Bu işə İsmayıl Məmmədli (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Tətbiqi
dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor – red.)
cavabdehdir.

Orfoqrafiya lüğəti ilin sonuna çata da bilər, çatmaya da bilər”.

Elçin İsmayılov deyib ki, institut və dilçilər kommersiya məqsədi ilə
kimlərinsə lüğət hazırlamağına etiraz edə bilmirlər. Bu isə uyğunsuzluqların
yaranmasına gətirib çıxarır:

“Lüğət hazırlayanlar ən azından düşünməlidirlər ki, bu lüğəti hazırlamağa
mənəvi haqları çatır, yoxsa yox. Sahə terminləri lüğətləri hazırlanır, bizdən
də məsləhətlər alırlar, bunu alqışlayırıq. Amma respublika əhəmiyyətli
orfoqrafiya, orfoepiya, izahlı lüğətlərin hazırlanmasında mütləq
mütəxəssislərdən tövsiyə alınmalıdır. İctimaiyyət də cəlb edilməlidir. Bu, çox
məsuliyyətli işdir”.

Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu
günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilir. “Azərbaycan
Respublikasının Dövlət Dili haqqında” Qanuna əsasən, “Orfoqrafiya lüğəti” ən
geci beş ildən bir təkmilləşməli və nəşr edilməlidir. 2004-cü ildə nəşr olunmuş
lüğətdən sonra növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident
Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə AMEA Dilçilik
İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və “Orfoqrafiya
lüğəti”nin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması
haqqında göstəriş verilib. Sonuncu dəfə 2021-ci ildə lüğətin 90 min sözdən
ibarət yeddinci, yenidən işlənmiş nəşri çapdan çıxıb.

Aysel Aslan

Source link